...

Birinci rübdə dəniz nəqliyyatı vasitələri ilə daşınan yüklərin miqdarı 80%-ə yaxın artıb

İqtisadiyyat Materials 17 Aprel 2025 15:43 (UTC +04:00)
Birinci rübdə dəniz nəqliyyatı vasitələri ilə daşınan yüklərin miqdarı 80%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 663 milyon ABŞ dolları dəyərində 707,7 min ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 307,6 milyon ABŞ dolları və ya 86,6%, miqdar ifadəsi ilə 313,5 min ton və ya 79,5% çoxdur.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 355,4 milyon ABŞ dolları dəyərində 394,2 min ton yük daşınmışdı.

Hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 16,4 milyon ABŞ dolları dəyərində 30,3 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 15,4 milyon ABŞ dolları və ya 48,4% az, miqdar ifadəsində isə 19,2 min ton və ya 2,7 dəfə çoxdur.

Ötən ilin müvafiq dövründə bu rəqəmlər 31,8 milyon ABŞ dolları və 11,1 min ton idi.

Eyni zamanda dövr ərzində dəniz nəqliyyatı vasitələri ilə Azərbaycana 646,5 milyon ABŞ dolları dəyərində 677,4 min ton yük idxal edilib. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə dəyər ifadəsi ilə 322 milyon ABŞ dolları və ya 99,8%, miqdar ifadəsi ilə 294,4 min ton və ya 77,9% çoxdur.

Ötən ilin yanvar-mart aylarında bu nəqliyyat vasitəsilə Azərbaycana 323,5 milyon ABŞ dolları dəyərində, 383 min ton miqdarında yük idxal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti