...

Çin şirkətləri ilə imzalanmış investisiya layihələri 335 milyon ABŞ dolları təşkil edir - Nazir müavini

İqtisadiyyat Materials 25 Aprel 2025 11:11 (UTC +04:00)
Çin şirkətləri ilə imzalanmış investisiya layihələri 335 milyon ABŞ dolları təşkil edir - Nazir müavini
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ay İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Çinə təşkil edilmiş səfər çərçivəsində Çin şirkətləri ilə imzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir ki, bu da ölkəmizin iş adamları üçün yeni fürsətlər yaradır.

Trend xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O, bildirib ki, ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, BƏƏ ilə birgə investisiya fondları yaradılıb: "Həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır.​ Sahibkarlar təşəbbüslərini artıraraq, bu beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər.

Ölkəmizin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsi də sahibkarlarımız üçün əlavə imkanlar açır. Elə bu günlərdə ölkə başçısının Çinə səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamənin imzalanması, vizasız rejimin tətbiqi, həmçinin, hüquq, yaşıl inkişaf, alternativ enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından çox əhəmiyyətlidir".

"Ölkəmiz beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində də sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və KOB-ların dəstəklənməsi istiqamətində mühüm işlər görür. Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşların texniki və maliyyə dəstəyi nəticəsində bir sıra proqram və layihələr həyata keçirilir. Bu proqramlar çərçivəsində sahibkarlara güzəştli maliyyə alətlərinə çıxış, biznes bacarıqlarının artırılması, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyata keçid istiqamətində dəstək göstərilməsi nəzərdə tutulur. Xüsusilə, KOB-ların rəqabətqabiliyyətliliyinin artırılması, innovativ və ixracyönümlü fəaliyyətlərinin təşviqi beynəlxalq tərəfdaşlıq gündəliyinin əsas prioritetlərindəndir.

Azərbaycan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da möhkəmləndirir. Türkiyə və Pakistanla Preferensial ticarət sazişləri imzalanıb. Bu sazişlərə əsasən tərəfdaş ölkələrlə müəyyən edilmiş məhsullar üzrə gömrük rüsumlarının azaldılması və ya tamamilə aradan qaldırılması qarşılıqlı ticarətin inkişafına təkan verir, sahibkarların ixrac imkanlarını artırır", - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti