...

"Caspian Agro-2025" sərgisi çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib (FOTO)

İqtisadiyyat Materials 13 May 2025 19:53 (UTC +04:00)
"Caspian Agro-2025" sərgisi çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Caspian Agro-2025" sərgisi çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumunda kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələri aparılıb.

Trend xəbər verir ki, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” mövzusuna həsr olunmuş II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib.

Forum çərçivəsində təşkil olunan panel sessiyalarda yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modelləri, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər mövzular üzrə müzakirələr aparılıb.

“Bakı COP29-dan sonra dünya: İqlim dəyişikliyində nailiyyətlər, perspektivlər və imkanlar” mövzusuna həsr olunmuş ilk panel sessiyanın moderatoru, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə böyük önəm verdiyini bildirən Azad Cəfərli qeyd edib ki, COP29 çərçivəsində bir sıra strateji əhəmiyyətli təşəbbüslər irəli sürülüb, mexanizmlər formalaşdırılıb və hədəflər müəyyənləşdirilib.

Konfransda çıxış edən Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanda keçirilən COP29 tədbirinin iqlim dəyişikliyi ilə mübarizə işinə mühüm töhfə verdiyini, aqrar sahənin dayanıqlı inkişafına, investisiya və ticarətə yeni imkan və fürsətlər yaratdığını diqqətə çatdırıb.

İqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirlərinin olduqca böyük olduğunu bildirən Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir vurğulayıb ki, iqlim dəyişməsinin təsirləri dünyanın hər yerində ərzaq və su təhlükəsizliyinə təhdidlər yaratdığından bu istiqamətdə qlobal əməkdaşlıq olduqca mühümdür.

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Abdulkadir Polat çıxışında iqlim dəyişikliyi fonunda təbii resurslardan səmərəli istifadənin əhəmiyyətini vurğulayıb. O, Türkiyənin ətraf mühit məsələlərinə həssas yanaşdığını və bu sahədə qlobal çağırışları dəstəklədiyini bildirib. Nazir müavini əlavə edib ki, Azərbaycanda keçirilən COP29 tədbiri qlobal iqlim dəyişikliyi ilə effektiv mübarizə sahəsində mühüm başlanğıcdır.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq arenada müsbət imic qazandığını və etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. Ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini qeyd edən nazir müavini, Azərbaycanın mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyini diqqətə çatdırıb. O bildirib ki, ölkəmizin ekoloji, ətraf mühit və kənd təsərrüfatı ilə bağlı siyasətinin beynəlxalq konvensiya və protokollara uyğunluğu, COP29 çərçivəsində inkişaf etdirilmiş təşəbbüslərdə aparıcı mövqe sərgiləməsi Azərbaycanın aqro-iqlim diplomatiyası üzrə regional və qlobal mərkəzə çevrilməsi üçün unikal imkan yaradır.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un nəticələrindən bəhs edərək bildirib ki, bu beynəlxalq tədbir mürəkkəb geosiyasi mühit fonunda iqlim danışıqları tarixində uğurlu dönüş nöqtəsi olub. XİN rəsmisi vurğulayıb ki, çoxtərəfli diplomatiya müstəvisində səmərəli olan tədbirdə çətin və mühüm qərarlar qəbul edilib.

Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Montenegro çıxışında COP29 çərçivəsində nəzərdə tutulan tədbirlərin kompleks xarakter daşıdığını və iqlim dəyişikliklərinə ən həssas qrup olan fermerlərin maliyyə resurslarına çıxışının artırılması, ağıllı və iqlimədavamlı kənd təsərrüfatı və ərzaq sistemlərinin yaradılması üçün baza formalaşdırdığını qeyd edib. Onun sözlərinə görə, "Fermerlər üçün Bakı İqlim Harmoniyası Təşəbbüsü" iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə və əldə olunmuş nailiyyətlərin inkişaf etdirilməsinə töhfə verəcək.

Forum çərçivəsində “Ağıllı kəndlərin inkişaf perspektivləri: sistemli və institusional aqro və yaşıl yanaşmalar diplomatların gözü ilə”, “İqlim dəyişikliyinin təsirinə qarşı kənd təsərrüfatı səylərinin birləşdirilməsi: qlobal çağırışlar, imkanlar və həll yolları” mövzularında panel sessiyalar keçirilib. Sessiyalarda ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar innovasiyaların rolu, məhsuldarlığın artırılmasında innovativ həllərin tətbiqi, torpaq və su resurslarından daha səmərəli istifadə yolları, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri və bu sahədə qlobal əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. Panel sessiyalar zamanı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar iştirakçılarla bölüşülüb.

Sessiyalarda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti