Bakı. Trend:
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) yeni hesabatına əsasən, 2024-cü ildə qlobal enerji bazarlarında bərpa olunan enerji növləri qiymət baxımından fosil yanacaq mənbələri üzərində üstünlüyünü qoruyub.
Trend bu barədə İRENA-nın hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, günəş fotovoltaik (PV) texnologiyaları orta hesabla ən ucuz fosil yanacaq alternativlərindən 41% daha ucuz olub. Quruda qurulan külək enerjisi layihələri isə 53% daha sərfəli qiymətlərlə həyata keçirilib. Beləliklə, 2024-cü ildə quruda yerləşən külək stansiyaları hər kilovat-saata görə 0.034 ABŞ dolları ilə ən sərfəli enerji mənbəyi olub. Ardınca günəş PV texnologiyası 0.043 ABŞ dolları/kWh qiyməti ilə ikinci yerdə qərarlaşıb.
2024-cü ildə dünya üzrə əlavə olunan 582 giqavatlıq bərpa olunan enerji gücü nəticəsində təxminən 57 milyard ABŞ dolları dəyərində fosil yanacaq istifadəsinin qarşısı alınıb. Qeyd edilib ki, ötən il istismara verilən yeni bərpa olunan enerji layihələrinin 91%-i, istənilən yeni fosil yanacaq layihəsindən daha ucuz başa gəlib.
Bərpa olunan enerji yalnız qiymət baxımından deyil, həm də beynəlxalq yanacaq bazarlarından asılılığı azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək baxımından strateji üstünlük sayılır. Hazırda bu sahəyə investisiya qoyuluşu üçün daha əlverişli mühit mövcuddur.
Hesabatda bildirilir ki, texnologiyaların təkmilləşməsi və təchizat zəncirlərinin güclənməsi fonunda uzunmüddətli ucuzlaşma gözlənilsə də, yaxın dövr üçün bəzi çətinliklər qalır. Ticarət tarifləri, xammal qıtlığı və istehsalat dəyişiklikləri, xüsusilə Çin bazarında qiymətlərə müvəqqəti təzyiqlər yarada bilər.
Avropa və Şimali Amerikada isə lisenziyalaşma prosesindəki ləngimələr, məhdud şəbəkə tutumu və digər struktur problemlər nəticəsində daha yüksək xərclərin davam etməsi ehtimalı var. Əvəzində, Asiya, Afrika və Cənubi Amerika kimi bölgələrdə sürətli öyrənmə və yüksək bərpa olunan potensial nəticəsində daha ucuz enerji istehsalı müşahidə oluna bilər.