Bakı. Trend:
Bu il ölkədə ət istehsalı 1,2 faiz, süd istehsalı isə 0,3 faiz artım göstərib.
Trend xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə zamanı deyib.
Onun sözlərinə görə, heyvandarlıq sektorunda istehsal və ixrac göstəriciləri artıb:
"Son illər heyvanların baş sayında azalma müşahidə olunsa da, məhsuldarlığın artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.
İxrac istiqamətində xüsusilə quşçuluq və yumurta sahəsində müsbət dinamika qeydə alınıb. Cari ilin ilk 11 ayı ərzində yumurta ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.
Heyvandarlıq sektorunun stimullaşdırılması məqsədilə bir sıra dəstək tədbirləri həyata keçirilir. Bu çərçivədə on mindən artıq fermerə ümumilikdə 128 milyon manatdan çox güzəştli kredit ayrılıb. Eyni zamanda, heyvanların xüsusi xəstəliklərə qarşı peyvəndlənməsi dövlət hesabına aparılır.
İşğaldan azad edilmiş ərazilərdə də heyvandarlığın inkişafı məqsədilə bu tədbirlər məqsədyönlü şəkildə icra ediləcək. Bununla yanaşı, cins heyvanların yerli heyvanlar arasında payının aşağı olması, eləcə də kiçik təsərrüfatlarda məhsulların emalı ilə bağlı çətinliklərin mövcudluğu sektorun əsas problemlərindəndir. Bu problemlərin aradan qaldırılması üçün damazlıq və süni mayalanmanın genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub".
