...

Azərbaycanın Milli Bankı manatı qoruyur: AMB Araşdırmalar və Statistika Departamentinin rəhbəri Emin Hüseynovla müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2007 12:27 (UTC +04:00)
Azərbaycanın Milli Bankı  manatı qoruyur: AMB Araşdırmalar və Statistika Departamentinin rəhbəri Emin Hüseynovla müsahibə

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Milli valyutanın dollara nisbətdə məzənnəsi ekspertlərin və cəmiyyətin diqqət mərkəzindədir. Dolların Azərbaycan iqtisadiyyatına bu cür təsirinin Azərbaycan Milli Bankının Araşdırmalar və Statistika Departamentinin rəhbəri Emin Hüseynov Trend -a müsahibəsində təhlil edib.

- Siz Amerika dollarının Azərbaycan manatına təsirini necə qiymətləndirirsiniz?

- Bir neçə ildir müşahidə olunan makroiqtisadi fonda yüksək dinamika və bütün sosial- iqtisadi göstəricilərin artımı,artıq implementasiya mərhələsinə daxil olan neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Neftin ixracının artması hökumətin və Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin xarici valyutada gəlirlərinin xeyli artmasına gətirib çıxarıb ki, bu da onların xərclərinin artımında özünü göstərir.

Dövlətin artan imkanları bizə keçid dövrünün bir sıra problemlərini həll etmək üçün nadir, ölkə iqtisadiyyatnın müasirləşdirilməsi və inkişafı prosesini sürətləndirmək imkanları verir. Belə ki, dövlət tərəfindən həyata keçirilən bir çox genişmiqyaslı sosial və infrastruktur layihələrinin müəyyən hissəsi neft gəlirləri hesabına maliyyələşdirilir.

İnkişaf strategiyasının məqsədlərinə nail olmaq üçün, hökumət bu vəsaitlərin çox ehtiyatla və səmərəli istifadə olunmasına çalışır. Bununla yanaşı, iqtisadi siyasət və siyasi islahatlar nüfuzlu beynəlxalq təsisatlar tərəfindən "Yoxsulluğun azaldılması və sabit iqtisadi artım", "Regionların inkişafı", "Qara qızılın "intellektual" qızıla çevirilməsi" kimi konkret layihələrlə dəstəklənir. Hökumətin xərcləri son iki ildə, orta hesabla, 51% yüksəlmişdir və bu dövrdə xərclərin 50%-dən çoxu xarici valyutada olan neft gəlirləri ilə maliyyələşdirilmişdir. Neft gəlirlərinin xərclənməsi bazara valyuta təklifinin əhəmiyyətli şəkildə artması və valyutaya olan tələbdən daha çox olması ilə nəticələnib. Xarici valyutaya tələb, əsas etibarilə, qeyri-neft iqtisadiyyatının, o cümlədən, fiskal sektorun idxalla bağlı yaratdığı tələb hesabına formalaşır. Məsələn, büdcə xərclərinin bir hissəsi xaricdən avadanlıq ve texniki yardımın cəlb olunmasına sərf olunur və beləliklə, izafi neft gəlirlərinin müəyyən hissəsi absorbsiya olunur.

Cari ildə icmal büdcə vasitəsilə xərclənməsi nəzərdə tutulan neft gəlirləri 5 mlrd $ təşkil edir. Bu il üçün qeyri-neft iqtisadiyyatının xalis valyuta tələbi (valyuta absorbsiya qabiliyyəti), yəni xarici ödəmə balansının mənfi saldosu isə, 3,4 mrd $ həcmində qiymətləndirilir. Deməli, valyuta təklifinin, valyutaya olan tələbi aşacağı gözlənilir ki, burada da tarazlıq, təbii olaraq, manatın, xüsusilə, ABŞ dollarına qarşı məzənnəsinin bahalaşması nəticəsində bərpa oluna bilər. Sözsüz ki, Milli Bank bu prosesləri yaxından və daim izləyir və zəruri hallarda, ölkədaxili xarici valyuta bazarına müvafiq müdaxilələr etməklə, manatın məzənnəsinin həddindən artıq bahalaşmasına imkan vermir. Əks halda, ölkədə makroiqtisadi və maliyyə sabitliyi pozula və qısa müddətdə rəqabət qabiliyyəti xeyli aşağı düşə bilər.

Onu qeyd etmək olar ki, bu ilin əvvəlindən Milli Bankın müdaxiləsi olmasaydı, manatın məzənnəsi, ən azı, 18-20% möhkəmlənə bilərdi, halbuki, faktiki olaraq cəmi 2,5% möhkəmlənmişdir.

- Dolların məzənnəsinin düşməsi tempi Azərbaycan ixracatçılarına necə təsir edir? Bu, əməliyyatların avroya çevirilməsinə səbəb olmayıb?

- Son 3 ildə ABŞ dollarının, digər aparıcı valyuta olan avroya qarşı məzənnəsi 11% aşağı düşüb. Dolların digər aparıcı valyutalara qarşı məzənnəsinin ucuzlaşması qlobal iqtisadiyyatda aparılan ticarət hesablaşmalarının və valyuta ehtiyatlarının strukturunda dolların rolunun aşağı düşməsinə gətirib çıxarmışdır.

Dolların ucuzlaşması Azərbaycanda idxal və ixrac əməliyyatlarının valyuta strukturunda ABŞ dollarının rolunun azalmasına da öz təsirini göstərmişdir. Belə ki, əgər 2004-cü ildə Azərbaycanın idxal əməliyyatları üzrə hesablaşmalarda ABŞ dollarının payı 85% təşkil edirdisə, bu göstərici hazırda 76%-ə düşüb. Avronun payı isə, 7%-dən 20%-ə yüksəlmişdir. Bununla yanaşı , qeyri-neft sektoru üzrə ixracın valyuta strukturunda da avronun payı son 3 ildə 3,7 %-dən 9,1%-ə yüksəlmişdir. Xarici ticarət hesablaşmalarında dolların payının azalması və avronun rolunun yüksəlməsi xarici valyuta bazarında alınıb- satılan valyutaların strukturunda da öz əksini tapmışdır. Belə ki, ölkədaxili valyuta bazarında avro ilə əməliyyatların xüsusi çəkisi, 2005-cı il üzrə 6%-dən 2006-cı ildə 13%-ə yüksəlmiş, ABŞ dollarının payı isə, müvafiq olaraq, 89%-dən 85%-ə düşmüşdür. Lakin, xarici ticarət üzrə hesablaşmalarda və xarici valyuta bazarında dolların payının azalmasına baxmayaraq, onun dominant mövqeyi hələ də qalmaqdadır.

- Dünyada avronun dollara nisbətdə məzənnəsinin dəyişməsi proseslərinin Azərbaycana təsiri necədir?

- Müasir dövrdə Azərbaycan, dünya iqtisadiyyatına aktiv inteqrasiya olunmuş bir ölkə kimi, dünya iqtisadiyyatında özünəməxsus yer tutur. Ona görə də, dünya iqtisadiyyatında baş verən proses və tendensiyalar Azərbaycan iqtisadiyyatına bu və ya digər formada təsir edir. Lakin Azərbaycan iqtisadiyyatı və yaradılmış bazar institutları artıq elə bir səviyyəyə çatmışlar ki, dünyada gedən bir sıra qlobal neqativ proseslərin bizə təsiri ya cüzi olur, ya da təsirsiz ötüşür.

Dolların avroya nəzərən ucuzlaşması, ilk növbədə, Azərbaycan manatının da avroya qarşı ucuzlaşmasına səbəb olmuşdur. İlin əvvəlindən etibarən, manatın avroya çarpaz məzənnəsi 5,6% ucuzlaşmışdır.

Avronun manata qarşı bahalaşması avrozonadan idxal olunan malların qiymətlərinin yüksəlməsində özünü göstərir. Hazırda avrozona ölklərindan idxal olunan malların bizim ümumi idxalda payı 30% təşkil edir ki, avronun bahalaşması məhz bu məhsulların idxal qiymətlərinin artmasına gətirib çırarır. Bununla belə, qeyd etmək lazımdır ki, avrozonadan idxal edilən mallar, əsasən, investisiya təyinatlı olduğundan, avronun bahalaşması, ilk növbədə, idxal olunan maşın və mexanizmlərin qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Başqa sözlə desək, avrozonadan idxalın istehlak bazarında payı cəmi 4-5%-dən artıq olmadığından, avronun bahalaşmasının Azərbaycandakı inflyasiyaya birbaşa təsiri əhəmiyyətli deyil.

Eyni zamanda, ABŞ dollarının avroya qarşı məzənnəsinin dəyişməsi ölkənin cari xalis investisiya mövqeyinə də təsir göstərir. Azərbaycan müxtəlif valyutalarda xarici aktivlərə və öhdəliklərə malikdir və aparıcı valyutaların bir-birinə qarşı məzənnəsinin dəyişməsi onların dəyərinin dəyişməsinə gətirib çıxarır.

- Ölkənin strateji valyuta ehtiyatlarının yerləşdirilməsi üzrə valyuta portfelinə yenidən baxmaq zərurəti varmı?

- Milli Bankın valyuta ehtiyatları son üç ildə 4 dəfə artmış və hazırda 3,2 mlrd. ABŞ dollarına çatmışdır. Ölkənin cəmi strateji valyuta ehtiyatları isə artıq 6 mlrd.dollardan çoxdur. Növbəti üç ildə valyuta ehtiyatlarımızın 14 mlrd. ABŞ dollarına çatması gözlənilir. Şübhəsiz ki, valyuta ehtiyatlarının artması ilə yanaşı onların daha sabit və möhkəm valyutalarda yerləşdirilməsi olduqca önəmlidir.

Hazırda AMB-nin valyuta ehtiyatlarının böyük əksəriyyəti ABŞ dollarında saxlanılır. Nəzəri olaraq valyuta ehtiyatlarının valyuta tərkibi üç prinsipə söykənməlidir: 1) aparılan ticarət əməliyyatlarının valyuta strukturu; 2) son illərdə valyutaların bir-birinə olan məzənnəsinin uzunmüddətli tendensiyaları; və 3) ölkənin xarici borcunun valyuta stukturu.

Azərbaycanın xarici ticarət əməliyyatlarında ABŞ dolları öz dominant mövqeyini saxlamaqdadır.

Bununla belə qlobal müstəvidə baş verən uzunmüddətli iqtisadi meyllərin qiymətləndirilməsi ABŞ dollarının ortamüddətli perspektivdə ucuzlaşmaqda davam edəcəyini deməyə əsas verir. Hazırda cənub-şərqi Asiya "pələnglərinin", Çinin və Hindistanın müsbət xarici ticarət mövqeyi hesabına dünya səhnəsində başlıca rola sahib olan ABŞ-ın böyük həcmli, başqa sözlə ÜDM-in 5,7%-i həcmində xarici ticarət kəsiri mövcuddur ki, bu tendensiyanın da hələ bir müddət davam edəcəyi gözlənilir. Digər tərəfdən dünya enerji bazarında mövcud olan qiymət gərginliyi, xüsusilə də neftin dünya qiymətinin bir barrel üçün orta hesabla 90 ABŞ dollarına yüksəlməsi bilavasitə dünya pulu rolunu oynayan ABŞ dollarının məzənnəsinə neqativ təsir göstərir. Cari əməliyyatlar balansının kəsiri ilə yanaşı ABŞ-ın artan hərbi məsrəflərindən irəli gələn böyük həcmdə ilkin fiskal kəsirin, yəni ABŞ-da əkiz kəsirlərin mövcud olduğunu də nəzərə alsaq ABŞ dollarının məzənnəsinin ucuzlaşmasının yaxın perspektivdə davam edəcəyini gözləmək olar. Bir sıra mötəbər maliyyə qurumları (o cümlədən BVF) növbəti ildə dolların avroya qarşı məzənnəsinin 1,8% ucuzlaşacağını proqnozlaşdırırlar.

Digər tərəfdən ABŞ dollarında və avroda alınmış xarici borcun cəmi Azərbaycanın öhdəliklərində payları təxminən eynidir (20%).

Beləliklə, yuxarıda qeyd olunan üç prinsipdən biri dolların dominant mövqeyini saxlamasını, digəri bir qədər itirəcəyini, üçüncüsü isə neytral mövqeni dəstəkləyir. Belə olan halda Milli Bank baş verən proseslərin fundamental təhlilini davam etməklə gələcəkdə zəruri olduqda müvafiq tədbirlərin görülməsini təmin edəcəkdir.

Xəbər lenti

Xəbər lenti