...

"Rabitabank" 2007-ci ilin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / " müxbir Ü.İsmayılova / "Rabitabank" ASC-nin 2007-ci ilin maliyyə yekunlarına əsasən, Bankın aktivləri 2006-cı ilin analoji göstəricisi ilə müqayisədə 71% və ya 31,3 mln. manat artaraq, 75,7 mln. manat təşkil edib. Müştərilərə ayrılmış kreditlərin həcmi 2007-ci ilin sonunda 51,1 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin müvafiq dövr üzrə göstəricisi ilə müqayisədə, kredit portfelinin də 71% və ya 21,2 mln. manat artması deməkdir,-- çərşənbə günü Bankın yaydığı məlumatda deyilir.

Bankın öhdəlikləri hesabat dövrü üçün 63,4 mln. manat təşkil edib. Depozit portfelinin həcmi 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 72% artaraq, 55,4 mln. manata çatıb. Depozitlərin ümumi strukturunda əhəmiyyətli artım fiziki şəxslərin müddətli depozitlərinin həcmində müşahidə olunub. Bu göstərici 2006-cı ilin sonundakı 12,6 mln. manatdan 88% artaraq, 23,8 mln. manata çatıb. Bankın məcmu kapitalı 2007-ci il ərzində 21% və ya 1,7 mln. manat artaraq 10 mln. manata çatıb. 2007-ci il ərzində Bankın vergi ödəməməişdən əvvəlki gəlirləri 220 min manat təşkil edib.

2007-ci il ərzində 4 yeni filial açılıb ki, onlardan ikisi Bakının, ikisi şimal rayonlarının payına düşüb. Hazırda "Rabitəbank"ın paytaxtda altı, Sumqayıt, Gəncə, Şamaxı, Şəki, Lənkəran, Kürdəmir, Quba, Xaçmaz və Qusarı əhatə etməklə, regionlarda doqquz filialı fəaliyyət göstərir.

İntensiv inkişafın nəticəsi olaraq, 2007-ci il ərzində Bankın strukturu genişlənmiş və ümumilikdə Bank, eləcə də Baş ofis üzrə əməkdaşların sayı artıb. Bu səbəbdən də 2007-ci ilin sonunda "Rabitəbank"ın Baş ofisi Ü.Hacıbəyov 33/35 ünvanında yerləşən yeni binaya köçüb.

2007-ci ildə "Rabitəbank" Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə bu qurum tərəfindən Bankın 20 faizədək səhmlərinin alınmasını da nəzərdə tutan 2 mln. dollar, İslam İnkişaf Korporasiyası (ICD) ilə 1 mln. dollar həcmində kredit xətlərinin açılmasına dair müqavilələr imzalanıb. Cəlb olunan vəsaitlər ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldiləcək.

2007-ci ildə "Rabitəbank" istiqrazlarını ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında yerləşdirib. Ümumi məbləği 5 milyon dollar təşkil edən istiqrazlar Latviya bazarında yerli Parex Bank vasitəsilə yerləşdirilib.

"Rabitəbank" 1993-cü ildə yaranan və hazırda 33 mindən çox müştəriyə bütün növ bank xidmətləri göstərən Azərbaycanın kommersiya bankıdır.

Xəbər lenti

Xəbər lenti