Azərbaycan, Bakı 16 aprel / Trend , müxbir S.Babayeva/ Qazaxıstan hökumətinin 2008 -ci ilin sentyabrından başlayaraq yeni məhsul yığımına qədər ölkədə buğda ixracına tətbiq etdiyi qadağa, bu ölkədən buğda idxal edən Azərbaycan üçün yaratmayacaq. Bu barədə çərşənbə günü Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının tənzimlənməsi şöbəsinin rəhbəri Sabir Vəliyev bildirib.
"Hazırda bizim kifayət qədər buğda ehtiyatlarımız var - 573 min ton lazım olan halda beş ay müddətinə tələbatı ödəyə bilər" - deyə o bildirib.
Vəliyev qeyd edib ki, hazırda Azərbaycanda mövcud olan ehtiyatlar tükəndiyi təqdirdə belə, buğda tələbatı daxili istehsal hesabına ödənilə bilər. Ölkədə taxıl biçini iyun ayında başlayacaq və cari il üçün məhsulun həcmi 2,3 - 2,4 mln. ton səviyyəsində müəyyənləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib ki, zəruri halda hökumət digər ölkələrlə, Ukrayna və Kanada ilə buğda alınması barədə danışıqlara başlaya bilər.
Xarici KİV-in məlumatlarına görə, Mərkəzi Asiyanın ən iri buğda istehsalçısı olan Qazaxıstan ixraca qadağa qoymaqla dünyada buğda qiymətlərinin artımı fonunda öz daxili bazarını qorumağa çalışır.
Əvvəllər Qazaxıstan buğda ixracını 2008-ci il martın 1-dən məhdudlaşdırmaq istəyib, lakin hökumət sözügedən qərarı təxirə salıb. Bununla yanaşı, respublikanın kənd təsərrüfatı naziri Əhmədcan Yesimov bəyan edib ki, respublika buğda ixracına gömrük rüsumları tətbiq edə bilər, buğda ixracına qadağa qoyulmasından isə söhbət getməyib.
Aprel ayının 10-na olan məlumata görə, Qazaxıstan 8,1 mln. ton buğdaya malik olub ki, bunun yarısından çoxu ərzaq buğdasıdır. Bununla yanaşı, respublikanın bir ay müddətində ölkə hüdudlarından kənara çıxarıla biləcək ərzaq buğdası üzrə ixrac potensialı 1,2 milyon ton təşkil edir. Qazaxıstanda buğda məhsulu üzrə göstərici 2007-ci ildə 20 mln. tondan artıq təşkil edib.