Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir Ü.İsmayılova/ ABŞ Azərbaycanın ÜTT-yə daxil olmaq prosesindən razıdır və Amerika gələcəkdə də ölkəni bütün istiqamətlərdə dəstəkləyəcək. Bu barədə bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi məlumat verib.
"Azərbaycan böyük iqtisadi potensiala, insan resurslarına malik ölkədir və ÜTT-yə üzvülük qeyri-neft sektorunun inkişafına yardım edəcək", - Dörsi bildirib.
Babayev Azərbaycanın ÜTT yə üzv olması prosesini dəstəklədiyi üçün ABŞ-a minnətdarlıq ifadə edib. Azərbaycan artıq işçi qrupun danışıqlarının V raundunu keçirib. Danışıqların yekunları üzrə Faktlar Məcmusunun hazırlanması barədə qərar qəbul edilib. Avqustun axırınadək sənəd Azərbaycan tərəfinə təqdim ediləcək.
Babayevin sözlərinə görə, Azərbaycan ÜTT-yə daxil olmaq çərçivəsində, ABŞ və Avropa İttifaqının suallarını cavablandırmağa başlayıb. Sentyabr ayından gec olmayaraq, cavablar ÜTT Katibliyinə təqdim ediləcək. Babayev ilin sonunda İşçi Qrupun altıncı iclasının keçiriləcəyini bildirib.
Nazirin sözlərinə görə, işçi qrupu ilə danışıqların V raundu zamanı Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli protokol imzalanıb. Qırğızıstan, Gürcüstan və Moldova ilə aparılan ikitərəfli danışıqlar artıq başa çatıb və yaxın vaxtlarda onlarlra ikitərəfli protokollar imzalanacaq.
Aprel-may aylarında Azərbaycanın ÜTT-yə daxil olması çərçivəsində, mal və xidmətlər bazarında maraqlı olan ölkələrlə ikitərəfli danışıqlar aparılıb. İki gün əvvəl Brüsseldə Aİ ilə mallar və xidmətlərə dair ikitərəfli danışıqlar keçirilib. Nazirin sözlərinə görə, ilin sonunadək ikitərəfli danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, ölkə Azərbaycanın ÜTT-yə daxil olması çərçivəsində, kənd təsərrüfatına daxili subsidiyaların ayrılması üzrə yeni qrafikin hazırlanması işlərini davam etdirir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]