...

Nəvai-Türkmənbaşı-Bakı-Qars nəqliyyat dəhlizi çox perspektivlidir - Özbəkistan XİN-i

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2009 23:01 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 23 fevral / Trend müxbir T.Jukov/

Türkmənistanla Özbəkistan iqtisadi cəhətdən sərfəli marşrutları işləyib hazırlamaqla nəqliyyat infrastrukturunun inkişafı və möhkəmləndirilməsi sahəsində aktiv əməkdaşlıq edirlər. Bu haqda Özbəkistan XİN yanındakı "Jaxon" agentliyinin rəsmi məlumatında bildirilir.

"Əlverişli coğrafi yerləşməsinə görə Özbəkistanla Türkmənistan Asiya və Avropa, şimal və cənub arasında beynəlxalq ticarətin inkişafı üçün bütün imkanlara malikdirlər", - deyə XİN-in məlumatında vurğulanır. Bu məlumat Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedovun Özbəkistana səfəri öncəsi yayılıb.

Bu ölkələrin sıx birləşən avtomobil və dəmir yolları Orta Asiya dövlətlərini praktiki olaraq bütün dünya bazarları ilə birləşdirən iqtisadi cəhətdən rəqabətə dözümlü transmilli nəqliyyat dəhlizləri yaradır.
 
"Nəqliyyat dəhlizləri arasında ən perspektivli Nəvai-Türkmənbaşı-Bakı-Qars marşrutudur. Bu marşrut Avropa, Şimali Afrika və Yaxın Şərqdəki bazarlara çıxışı təmin edir. Bu gün Özbəkistanın Türkmənistanın Seraxs şəhəri vasitəsi ilə İrana çıxışı var və bununla da o öz mallarının bir hissəsinin dünya bazarlarına çıxışını təmin edir", - deyə bəyanatda bildirilir.

2008-ci ilin yekunlarına əsasən iki ölkə arasında mal dövriyyəsinin həcmi 50 faiz artaraq 132,3 milyon dollara çatıb. Özbəkistanın ixrac etdiyi malların əsasını mineral gübrə, nəqliyyat və kommunikasiya xidmətləri, kənd təsərrüfatı texnikası, tikinti materialları, tütün məhsulları, qara metal və qara metal məmulatları, habelə nəqliyyat vasitələri təşkil edir.

Türkmənistandan Özbəkistana propilen polimerləri, nəqliyyat və kommunikasiya xidmətləri, mineral gübrə, qeyri üzvi kimya məhsulları idxal olunur.

 "Tərəflər qaz nəqliyyatı infrastrukturunun inkişafı sahəsində yetərli potensiala malikdirlər. İri qaz hasilatçısı olan ölkələrimizin "mavi yanacağ"ın dünya bazarlarına nəqlini təmin edən yeni qaz kəmərlərinin inşasında ümumi maraqları var. Özbəkistan Türkmənistan-Çin qaz kəməri layihəsini dəstəkləyir və onun gerçəkləşməsində aktiv iştirak edir. Konkret olaraq Özbəkistan prezidentinin qərarı ilə ölkə ərazisində boru xəttinin vaxtında tikintisi üçün işlərin aparılması üçün xüsusi qrafik təsdiq olunub" - deyə Özbəkistan XİN-i yanındakı agentliyin məlumatında bildirilir.

"Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedovun Özbəkistana rəsmi səfəri ikitərəfli əməkdaşlığın inkişafına daha artıq dinamiklik verəcək" - deyə bəyanatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti