...

İƏT sammiti regionda stabilliyin yaradılmasında birgə səylər üçün meydandır - Trend Capital-ın müxbiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2009 17:46 (UTC +04:00)
İƏT sammiti regionda stabilliyin yaradılmasında birgə səylər üçün meydandır - Trend Capital-ın müxbiri

Azərbaycan, Baku, 12 mart / Trend /

Ellada Xankişiyeva, Trend -ın analitik mərkəzinin direktoru

Tehranda martın 11-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) onuncu sammiti keçirildi. Tehran görüşü dünyada baş verən qlobal dəyişikliklər dönəmi ilə üst-üstə düşdüyündən sammit üzv ölkələrin regionda stabillik və sülhü təmin etmək məqsədi ilə birgə səylərin həyata keçirilməsi üçün meydan oldu. Müzakirələrdə İƏT-ə üzv olan bütün ölkələr və nüfuzlu təşkilatların nümayəndələri iştirak edirdilər.
Azərbaycan rəsmi olaraq İƏT sıralarına 1992-ci ildə qəbul edilib. 2006-cı ilin may ayında Bakıda keçirilmiş doqquzuncu sammitdən etibarən isə Azərbaycan regional təşkilatda sədirlik edib. Azərbaycanın sədirliyi altında təşkilat uğurlu yol keçib. O, daha da inkişaf edib, dünyada mövqeyini gücləndirib, təşkilatdaxili inteqrasiya sürətlənib və birsıra mühüm təşəbbüslər irəli sürülüb.

Sammiti açan Prezident İlham Əliyevin sözlərinə əsasən, İƏT regionda və dünyada böyük nüfuza malik olan struktrurdur və bu format nə qədər genişlənərsə bir o qədər də təşkilata üzv olan ölkələr üçün yaxşı olar.
Təşkilat çərçivəsində regional təhlükəsizlik məsələlərinə böyük diqqət yetirilir. Regional əməkdaşlıqla bağlı məsələlər həll olunur, ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda inteqrasiya prosesləri gücləndirilir. Son iki il ərzində İƏT çərçivəsində keçirilən görüşlərin sayı 35 faiz artıb. Görüşlər nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və ətraf mühitin qorunması məslələri ilə bağlı əməkdaşlığa həsr olunub.
Hazırki sammitdə əsasən dəmiryollarının salınması çərçivəsində üç layihə müzakirə olunub: İran-Türkiyə, Küveyt-Təftan (Pakistan) dəmiryollarının salınması və İranla Türkmənistan arasındakı dəmiryolu əlaqəsi üçün vacib olan İranın Saraxs stansiyasında buraxılış qabiliyyətinin artırılması. Bununla yanaşı, Azərbaycanla İran arasında nəqliyyat əlaqələri və Pakistana dəmiryolunun çəkilməsi müzakirə olunub. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan və Avropanı Asiya ilə birləşdirən Bakı-Tblisi-Qars dəmiryolu layihəsi xüsusi qeyd olunub.
Çinə Qırğızıstan, Tacikistan, Əfqanıstan və İran vasitəsi ilə dəmryolunun salınması layihəsi də müzakirə mövzusu olub. Bu layihə İƏT üzvü olan ölkələr tərəfindən hamılıqla bəyənilib.  
Sammitdə təşkilata üzv ölkələrin iqtisadi sahədə potensialından maksimum yararlanmaq təklif olunub. Ticarət əlaqələrinin genişləndirilməsi və təşkilat çərçivəsində vahid bank sisteminin yaradılması təklifi də üzv ölkələr tərəfindən hamılıqla dəstəklənib. Qeyd etmək lazımdır ki, Tacikistan Prezidenti İmaməli Rahman maliyyə böhranı ilə əlaqədar yaranacaq çətinliklərin qarşısını almaq məqsədi ilə İƏT çərçivəsində işçi qrupunun yaradılmasını təklif edib.
Onun sözlərinə əsasən, İƏT-ə üzv ölkələr azad ticarət zonasının yaradılması üçün səy göstərməlidirlər. İran Prezidenti Mahmud Əhmədinejat isə təşkilata üzv olan ölkələr arasında vahid valyutanın seçilməsini, təşkilatın üzvü olan ölkələrdə İƏT bankı yaratmaq, idxalat-ixracat əməliyyatlarında vergilərin ləğvini və ölkələr arasında mal dövriyyəsinin artırılmasını təklif edib.
Tehran sammiti nəticəsində deklarasiya və müqavilələr imzalanıb. İmzalanan sənədlərə əsasən, üzv ölkələr ticarət, nəqliyyat, energetika, turizm və kənd təsərrüfatı kimi həlledici sferalarda əməkdaşlığı davam etdirəcəklər.
İƏT-in növbəti sammitinin Pakistanda keçirilməsi qərara alınıb.  

İƏT Türkiyə, İran və Pakistan arasındakı iqtisadi, texniki və mədəni əlaqələrin genişlənməsi üçün 1985-ci ildə yaradılıb. Hazırda Türkiyə, Azərbaycan, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İran və Türkmənistan İƏT-in üzvüdürlər.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti