Azərbaycan, Bakı, 02 aprel / Trend /
Azərbaycanın aparıcı mobil rabitə şirkəti Azercell Telecom 1 aprel tarixindən etibarən bütün SimSim abonentlərinə kampaniya çərçivəsində yeni 1 AZN nominallı kontur kartı təklif edir. Azercell-in məlumatında bu kampaniyanın iyunun 30-na qədər davam edəcəyi deyilir.
Kampaniya müddətində 1 manatlıq danışıq kartı ilə 160 konturluq istənilən vaxt və 160 konturluq şəbəkədaxili zənglərlə qeyri-pik saatlarda ünsiyyət qurmaq olacaq. 1 manatlıq danışıq kartının istifadə müddəti Açıq Xətt abonentləri üçün 14 gün, GəncSim və Bizdən Bizə abonentləri üçün 7 gündür.
Şirkət onu da xəbər verir ki, gecə konturları yalnız Azercell şəbəkəsi daxilindəki zənglərə sərf edilə bilər. Kampaniya müddəti bitdikdən sonra nömrənin balansında qalan bütün gecə konturları sıfırlanacaq. Kartın istifadə müddəti bitdikdən sonra balansda gecə konturları qalarsa, onlardan istifadə yalnız balansa yenidən 1 manatlıq danışıq kartı yüklədikdən sonra mümkün olacaq.
Pik saatları - 08:00 - 00:00, qeyri-pik saatları - 00:00 - 08:00.
Azercell Telecom Azərbaycanın ən böyük GSM-operatorudur və 3,5 milyondan çox abunəçiyə xidmət edir.