...

Azərbaycanda aktivlər portfelinin idarə olunması üzrə qanunsuz xidmət göstərən şirkət aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2009 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İnforex" şirkətinin əhaliyə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin əlamətlərini daşıyan xidmətlər təklif etdiyini aşkar edib. Bu barədə QKDK-nın çərşənbə günü yayılan məlumatında bildirilir.

Belə ki, şirkət www.inforex.az ünvanlı internet resursunda aktivlər (qiymətli kağızlar, valyuta və törəmə alətlər) portfelinin "idarəolunan hesab" vasitəsi ilə peşəkar idarə edilməsi xidmətini təklif edir.

Müştəriyə məxsus qiymətli kağızlar portfelinin idarə edilməsi Azərbaycan qanunvericiliyinə əsasən, qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir ki, bu da yalnız müvafiq
mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya)
malik olan şəxslər tərəfindən həyata keçirilə bilər.

"İnforex" şirkəti yuxarıda göstərilən xidmət üzrə fəaliyyətə dair QKDK
tərəfindən lisenziyaya malik olmadığından, əhalinin pul vəsaitlərinin hər hansı bir
formada cəlb və idarə edilməsi üzrə fəaliyyət səlahiyyətinə malik deyil. Hazırda
QKDK tərəfindən sözügedən şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluq
baxımından araşdırılmasına başlanılıb.

Bu gün 31 peşəkar iştirakçıya bazarda fəaliyyət üçün lisenziya verilib. On iki lisenziya - broker fəaliyyəti üçün, doqquz - diler, üç - depozitar, bir - klirinq, bir - fond birjası fəaliyyəti, iki - qiymətli kağızların idarə edilməsi və iki - qiymətli kağızlar sahiblərinin reyestrinin aparılması fəaliyyəti üçün verilib.

Xəbər lenti

Xəbər lenti