Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir N.İsmayılov /
Cari ilin iyul ayının 13-dən avqust ayının 7-dək Avropa Birliyinin Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım (TACIS) proqramı çərçivəsində Ticarət və investisiya mühitinin yaxşılaşdırılması layihəsi üzrə Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzinin (MDM) əməkdaşları üçün Beynəlxalq Maliyyə Hesabatlığı Standartları (İFRS) üzrə təlim kurslarına başlanılıb. Bu barədə QKDK-nın məlumatında bildirilib.
Kurslar Aİ-nin MDB ölkələrinə texniki yardım proqramı (TACIS) üzrə "Azərbaycanda ixrac və investisiya mühitinə yardım" layihəsi çərçivəsində həyata keçirilir. Kurslar avqustun 7-dək davam edəcək.
Təlim kurslarının təşkil edilməsində əsas məqsəd QKDK, MDM və BFB-nin əməkdaşlarının beynəlxalq maliyyə standartları, onların tətbiqi imkanları və analitik təhlili üzrə potensialının gücləndirilməsindən ibarətdir.
Ümumiyyətlə, yuxarıda qeyd edilən layihə çərçivəsində 2010-cu ilin sonunadək qiymətli kağızlar bazarında nəzarət mexanizmləri, bazar manipulyasiyalarının qarşısının alınması, bazarda hesablaşmalar və klirinq fəaliyyəti, birja işinin təşkili, risklərin idarə edilməsi və digər bu kimi mövzular üzrə silsilə təlim kurslarının keçirilməsi və həmçinin qiymətli kağızlar bazarının tənzimlənməsinə dair "ən yaxşı" təcrübələrdən öyrənmək məqsədi ilə bir sıra inkişaf etmiş ölkələrə təlim səfərlərinin təşkil edilməsi nəzərdə tutulur.
TACIS proqramı ilə ayrı-ayrı komponentlər üzrə həyata keçirilən "Azərbaycanda ixracat və investisiya mühitinə yardım" layihəsinin əsas benefisiarları QKDK, BFB, Azərbaycan investisiya şirkəti və AZPROMO-dur.
Layihə çərçivəsində qiymətli kağızlar bazarının müxtəlif, xüsusilə qanunverici və tənzimləmə çərçivəsi, QKDK, MDM və BFB-nin institutsional potensialının genişləndirilməsi, tədris proqramının təşkili və ictimai maariflənmə işinin gücləndirilməsi istiqamətlərində inkişafı məqsədi ilə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Layihə üzrə məsləhət xidmətləri tender proseduru daxilində "şort-list"in səkkiz iddiaçısı arasında seçilmiş SOFRECO (FR) konsersiumu - İVEX (ES), Belgian Bankers Academy (BE) tərəfindən göstəriləcək.
Layihənin dəyəri üç milyard avro dəyərində hesablanır və iki-üç il müddətinə nəzərdə tutulub. Ölkədə investisiya mühitinin yaxşılaşdırılması üzrə layihə çərçivəsində birgə fəaliyyət TACIS-in AZPROMO ilə işinin davamı olacaq.
Bu layihə 2006-ci il iyulun 15-də Avrokomissiya tərəfindən təsdiq edilmiş 2006-ci il üçün iş proqramına daxil edilib, lakin maliyyə memorandumu 2007-ci ildə imzalanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]