Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir E.İsmayılov /
"Azərbaycan Dəmir Yolları" QSC sentyabrın sonuna qədər Bakı-Abşeron istiqamətində yolun Zabrat II-Qala hissəsinin demontajını başa çatdıracaq", - cümə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Demontajın səbəbi son illər ərzində elektrik qatarları ilə sərnişin axınının azalması və nəticədə mövcud reyslərin qeyri-rentabelliyidir.
"Demontaj üzrə işlər davam edir, onların daha da tezləşdirilməsi planlaşdırılır. İşlərin tamamilə başa çatdırılması isə sentyabrın sonuna nəzərdə tutulub", - Əzməmmədov bildirib. Demontajdan sonra dəmiryol xəttinin yerində avtomobil yolu tikiləcək.
Demontaj işləri avqustun 12-də başlayıb. Bu, xüsusilə də dəmiryol xəttinin ayrılması işləri mərhələli şəkildə aparılacaq. Dəmiryol xətti və digər texniki qurğular söküləcək, istifadəyə yararlı materiallardan isə yolun digər hissələrində istifadə olunacaq.
30 kilometrlik Zabrat II-Maştağa-Bağlar-Buzovna-Zaqulba-Sahil-Mərdəkan-Qala birzolaqlı dəmiryol xətti mərhələli şəkildə söküləcək. Bu xəttin sökülməsindən sonra yuxarıtikili materiallardan ilk növbədə ikizolaqlı Zazalı-Gəncə, birzolaqlı Heybət-Biləcəri və ikizolaqlı Güzdək-Baş Xırdalan xətlərinin əsaslı təmiri zamanı istifadə ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]