Azərbaycan, Bakı, 29 avqust / Trend /
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti "Slavyanka №1" əmtəə nişanlı suyun eyni tərkiblə həm müalicəvi mineral süfrə suyu, həm də təbii bulaq suyu kimi satıldığını, məhsulun istehsal tarixinin etiketin üzərində tez silinən mürəkkəblə göstərildiyini, məhsulun qablaşdırıldığı qabların ağzının müxtəlif qapaqlarla bağlandığını aşkar edib. Bu barədə şənbə günü nazirlikdən monitorinqlərin nəticələrinə əsasən verilən məlumatda deyilir.
Bununla əlaqədar istehlakçıların hüquqlarının qorunması üçün istehlak bazarında saxta malların olub-olmaması və haqsız rəqabətin qarşısının alınması məqsədi ilə "Slavyanka №1" əmtəə nişanlı suyun istehsal edildiyi Xətai rayonu, Süleyman Vəzirov küçəsi 33 ünvanında fiziki şəxs İbrahimov Nadir İsmayıl oğluna məxsus sexdə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti və Antiinhisar Dövlət Xidməti tərəfindən birgə araşdırma aparılıb. Araşdırmalar nəticəsində sexdə olan cəmi bir ədəd çəndəki suyun həm müalicəvi mineral su, həm də təbii bulaq suyu adı ilə plasmas və şüşə qablarda qablaşdırıldığı müəyyən olunub. Eləcə də, istifadə edilən plasmas butulkaların və qapaqların gigiyenik və uyğunluq sertifikatlarının, habelə suyun Gədəbəydən Bakıya daşınması üçün istifadə edilən maşının qida məhsullarının daşınması üçün sanitariya pasportunun olmadığı, qablaşdırılaraq satış üçün hazırlanmış suyun bir hissəsinin açıq havada günəş şüaları altında saxlanıldığı aşkarlanıb.
Aparılmış laborator müayinələrin nəticələrinə əsasən, çəndə və istehsal sexində qablaşdırmaya hazır suyun, eləcə də açıq havada günəş şüaları altında saxlanılan suyun sanitar-bakterioloji göstəriciləri standartlarının tələblərinə uyğun olmadığı, bağırsaq çöplərinin miqdarının normadan 2-8 dəfəyədək çox olduğu və istifadəyə yararsız olduğu müəyyən edilib.
Bununla əlaqədar olaraq, hazırda bu malların satışının qadağan edilməsi və ticarət şəbəkəsində satışdan çıxarılması ilə bağlı müvafiq tədbirlər görülür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]