Gürcüstan, Tbilisi, 08 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, bir sıra ölkələrlə, o cümlədən Gürcüstan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi sahəsində ciddi irəliləyişlər olub. Bu barədə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çərşənbə axşamı Tbilisidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) açılış mərasimində deyib.
"AZPROMO-nun Gürcüstanda nümayəndəliyinin açılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm hadisədir", - Səfərov deyib.
Gürcüstanın iqtisadi inkişaf naziri Zurab Pololikaşvili öz növbəsində deyib ki, Azərbaycan fondunun nümayəndəliyinin açılması Azərbaycandan investisiya cəlb edilməsinə, həm də ikitərəfli ticari-iqtisadi əlaqələrin dərinləşməsinə kömək edəcək.
Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, AZPROMO-nun prezidenti vəzifəsini icra edən Fəridə Axundova da çıxış ediblər.
Səfir qeyd edib ki, AZPROMO iki qonşu dövlət arasında əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə kömək edəcək.
AZPROMO mümayəndəliyinin açılış mərasinmində 30 Azərbaycan və Gürcüstan şirkəti iştirak edib. Onlar kənd təsərrüfatı, sənaye, turizm, informasiya texnologiyası, inşaat və nəqliyyat sahələrini təmsil ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]