Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir T.Konyayeva /
İranın enerji sektoru üçün subsidiyaların ləğv edilməsi enerji daşıyıcılarının daxili qiymətlərinin artmasına səbəb olacaq ki, bu da ölkədəki məhsulların və xidmətlərin maya dəyərində özünü biruzə verəcək. Əgər hökumət heç bir addım atmasa, bu, tələbatın azalmasına, inflyasiyaya və iqtisadiyyatın ciddi şəkildə zəifləməsinə səbəb olacaq, ABŞ-ın Şimal-Şərq Universitetinin professoru Kamran Dadxax belə hesab edir.
"Enerji daşıyıcılarının qiymətinin artması məhsul və xidmətlərin qiymətlərinin artmasına səbəb olacaq, belə ki, enerji bütün fəaliyyət növlərində istifadə olunur. Hökumət heç bir addım atmasa, tələbat azalacaq, iqtisadiyyat ciddi tənəzzülə düçar olacaq", - Trend -a elektron poçtla Dadxax bildirib.
Bir il öncə İran Prezidenti Mahmud Əhmədinejad parlamentə enerji sektoru üçün subsidiyaların ləğv edilməsinə və hazırda 70 milyon nəfər təşkil edən əhali üçün adam başına 50-70 dollar sosial yardımın ödnilməsinə dair plan təqdim etmişdi. Parlament prezidentin təşəbbüsünün inflasiyaya səbəb olacağını nəzərə alaraq onu qəbul etməyib. Bununla yanaşı, parlamentdə çıxışları zamanı iqtisadiyyat naziri Şəmsəddin Hüseyni də enerji sektoru üçün hazırda ildə 50 milyard dollar təşkil edən subsidiyaların ləğv edilməsinin vacibliyini qeyd edib. Subsidiyaların ləğv edilməsi ilə Əhmədinejad dövlət xərclərini azaltmağa ümid edir.
Dadxaxın fikrincə, digər tərəfdən İran hökuməti yardımların ödənməsi yolu ilə tələbatı saxlamağa çaılşarsa, dövlət büdcəsində böyük defisit yaranacaq, ölkənin daxili bazarında pul kütləsi artacaq ki, bu da müxtəlif qiymətləndirmələrə əsasən 21 faizdən 26 faizə kimi çatan inflyasiyanın artmasına səbəb olacaq.
Lakin Amerikanın İran üzrə eksperti subsidiyaların ləğv edilməsi və yoxsulluq içərisində yaşayan əhaliyə birbaşa sosial yardımın verilməsini əsaslı ideya hesab edir. Onun sözlərinə əsasən, hazırda enerji daşıyıcılarının dünya qiymətlərinin 2008-ci il ilə müqayisədə demək olar ki, iki dəfə azalmasını nəzərə alsaq, subsidiyalardan imtina etməyin əsl vaxtıdır, belə ki, daxili və xarici qiymətlər arasında fərq bir il bundan öncəkindən azdır.
Dadxaxın sözlərinə əsasən, bu halda əsas məsələ bu siyasətin necə həyata keçiriləcəyi olacaq.
"Bu kimi siyasətin həyata keçirilməsi üçün hökumətə yaxşı düşünülmüş beşillik plan lazımdır", - ekspert belə hesab edir.
Əhaliyə birbaşa sosial yardımların ödənilməsinin adekvatlığına gəldikdə isə, ekspert hesab edir ki, hər şey hökumətin daxili qiymətləri dünya qiymətlərinə nə dərəcədə tez uyğunlaşdıracağından asılıdır.
"Dörd nəfərdən ibarət bir ailə üçün 200-280 min tümən təşkil edən sosial imtiyazların dəyəri ilk ildə İranda qiymətlərin tədricən artımı şəraitində kifayət edə bilər", - professor qeyd edib. Lakin enerji daşıyıcıları qiymətlərinin dünya qiymətlərinə uyğunlaşdırılmasının tez bir zamanda həyata keçirilməsi şəraitində enerji daşıyıcılarına olan daimi artan tələbatı nəzərə alsaq, bu məbləğ ailənin saxlanılmasına çətin ki, kifayət etsin.
İranda enerji istehlakı son 10 il ərzində təxminən iki dəfə artıb. BP-nin məlumatına əsasən, 1998-ci ildə İranda sutkalıq neft istehlakı 1194 min barel təşkil edib, 2008-ci ildə bu rəqəm təxminən 45 faiz artaraq sutkada 1730 min barelə çatıb.
Eyni zamanda 2008-ci ildə qaz istehlakı 1998-ci ildəki 51,8 milyard kubmetr ilə müqayisədə 117,6 milyarda çatıb.
Dünyada neft qiymətləri aşağı olarkən subsidiyaların ləğv edilməsi və əhaliyə birbaşa sosial yardımın verilməsi elektrik enerjisinin, qazın və suyun qiymətlərinin artmasına səbəb olacaq ki, bu da ölkədə məhsulun qiymətlərinin artmasına gətirib çıxaracaq.
Dadxaxın sözlərinə əsasən, mövcud subsidiyalar "İran iqtisadiyyatını xərçəng şişi kimi boğur", lakin təəssüf ki, hazırda Əhmədinejadın və onun administrasiyasının yanlış düşünülmüş hərəkələri səbəbindən bu problemin həlli üçün hər hansı bir rasional plana ümid etmək mümkün deyil.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]