Azərbaycan, Bakı, 9 aprel /Trend/
Azərbaycanda aprelin 5-dən 19-na kimi ali təhsil müəssisələrində mühasibat uçotu və audit üzrə təhsil alan magistrlər üçün treninqlər keçiriləcək. Bu barədə Maliyyə Nazirliyinin cümə günü yaydığı məlumatda bildirilir.
Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universiteti və digər ali məktəblərdən 20-dən çox magistrin iştirakı planlaşdırılır.
Treninqlər "PriceWaterHouseCoopers" beynəlxalq audit şirkətinin mütəxəssisləri tərəfindən keçiriləcək.
Treninqlərin maliyyələşdirilməsi Azərbaycan və Dünya Bankının korporativ və büdcə sektorlarında hesabatlılıq üzrə birgə layihənin vəsaitləri hesabına həyata keçiriləcək. Ümumi dəyəri 24 milyon dollar təşkil edən layihənin digər donorları Yaponiya hökuməti və İsveçrə İqtisadi Məsələlər Üzrə Dövlət Katibliyidir (SECO).
Ölkənin maliyyə və təhsil nazirlikləri 2010-cu il fevralın 2-də birgə fərmanları ilə beynəlxalq və milli uçot standartlarına keçidlə bağlı 2010-2012-ci illərdə orta və ali peşə müəssisələrində mühasibat uçotu və audit sahəsində treninqlərin peşəkarlığını və onun yenidən təşkilinin səviyyəsini təsdiqləyən sertifikatlaşdırma sisteminin tətbiqi üzrə tədbirlər planını təsdiqləyiblər.