...

Azərbaycanda turizm şirkətlərinin fəaliyyət sahəsi dəqiqləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2010 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası "Turizm fəaliyyəti haqqında" qanuna dəyişiklik və əlavələr hazırlayıb. Bunu cümə axşamı assosiasiyanın rəhbəri Nahid Bağırov deyib.

"Düzəlişlər layihəsi artıq Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub", - Bağırov deyib.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklərdən biri ölkədə fəaliyyət göstərən turizm şirkətləri və agentliklərinin fəaliyyət sahəsinin dəqiqləşdirilməsini nəzərdə tutur.

Bağırov deyib ki, hazırda ölkədə fəaliyyət göstərən turizm şirkətləri əsasən turizm agentlikləri kimi çıxış edirlər, halbuki, onların göstərdikləri xidmət spektrinin genişləndirilməsi məqsədəuyğun olardı.

Qanunvericiliyə düzəlişlərdə məqsəd Azərbaycanda turizm sənayesinin inkişafıdır.

Turizm operatoru turların komplektləşdirilməsi və turistlər üçün xidmət kompleksinin formalaşdırılması ilə məşğul olan təşkilatdır. Turoperator turizm marşrutlarını hazırlayır, turların fəaliyyətini və xidmətlərin göstərilməsini təmin edir, reklam-informasiya nəşrləri hazırlayır, turların qiymətlərini hesablayır, turistlər tərəfindən həyata keçirilməsi üçün turları turizm agentliklərinə təqdim edir.

Turizm agenti turoperatorlar tərəfindən formalaşdırılmış turların satışı ilə məşğul olan vasitəçi təşkilatdır. Turizm agenti turoperatordan turları alır və turizm məhsullarını alıcıya satır və ya komisyon haqqına görə turist və turopertor arasında vasitəçi kimi çıxış edir. İri turizm agentlikləri beynəlxalq assosiasiyada birləşiblər.

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev 2010-2014-cü illərdə turizmin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. "Proqram turizm sahəsində mövcud problemlərin həllinə xidmət edəcək və ölkədə turuzmin inkişafını daha da təmin edəcək", - Dövlət Proqramının mətnində deyilir.

Xəbər lenti

Xəbər lenti