Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Ü.İsmayılova/
Hazırda parlamentdə müzakirə olunan "Peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirlilməsi hallarından icbari sığorta haqqında" qanun üzrə xidmət göstərən Azərbaycan sığortaçıları əməl olunmaması ilə əlaqədar müqavilənin bağlanmasından imtina etmək hüququna malik olacaq. Bu barədə bazar ertəsi Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti rəhbərinin müavini Mahir Abdullayev bildirib.
"İcbari və könüllü sığorta qaydalarına əsasən, şirkətin seçim hüququ, həmçinin müəyyən risklərin ödənilməsi üçün şərait hüququ var. Sığortanın bu növü sığortaçılar üçün istisna olmayacaq", - Abdullayev deyib.
Onun sözlərinə görə, riskin səviyyəsinin böyük olmasına baxmayaraq, azərbaycanlı sığortaçılar ödənişlər zamanı problemlərlə üzləşməyəcəklər, belə ki, sığortaçılar iri risklərin böyük hissəsini təkrar sığortaya verməlidirlər.
2008-ci ilin martında qəbul olunmuş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən, sığortaçılar sığortanın ümumi həcminin riskinin yalnız 10 faizini götürə bilərlər, qalan 90 faiz isə şirkətin portfelinin müdafiəsi məqsədilə təkrar sığortaya verilməlidir.
Abdullayev deyib ki, "Peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirlilməsi hallarından icbari sığorta haqqında" qanun təsdiqləndikdən sonra Maliyyə Nazirliyi normativ aktlar hazırlayacaq ki, bu aktlar da sığortaçıların hüquqlarını müdafiə edəcək. Normativ aktlarda sığorta olunmuş işçilərin texniki təhlükəsizliyi qaydalarına işəgötürənlər tərəfindən əməl olunmasının təminatı üçün sığortaçıların əmək müfəttişliyi və FHN ilə əməkdaşlığın vacibliyi göstəriləcək.
Bu günlərdə Azərbaycan Parlamenti "Peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirlilməsi hallarından icbari sığorta haqqında" qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirməyi planlaşdırır. Həmin qanun layihəsinə görə, sığortaçı həyat sığortası, eləcə də peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi zamanı sığorta üzrə xidmətlər göstərmək üzrə lisenziyaya malik olmalıdırlar.
Qanun, həmçinin əmək fəaliyyətinə cəlb edilmiş məhbuslara, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilmiş hərbi qulluqçulara, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, fövqəladə hallar şəraitində işə cəlb edilmiş hərbçilərə və şəxslərə də şamil ediləcək. Sənəd əcnəbilərə və Azərbaycan vətəndaşlığı olmayan şəxslərə də şamil ediləcək.
Sığorta halları qanunvericiliklə müəyyən olunmuş istehsalatda bədbəxt hadisələr haqqında akt və ya məhkəmənin qərarı əsasında müəyyən olunacaq.
Sığorta edilən sığortaçını seçmək hüququna malikdir, lakin qanunvericilikdə göstərilən hallar istisna olmaqla, icbari sığorta haqqında müqaviləni imzalamaqdan imtina edə bilməz. Bədbəxt hadisələrdən icbari sığortalanmaq haqqında müqavilə müddətsiz olaraq bağlanılır.
Maksimum sığora tarifləri əməkhaqqı fondunun iki faizi həcmində müəyyən edilir. Müxtəlif sektorlar üzrə tariflər diferensiallaşdırılacaq. Ehtimallara görə, iqtisadi fəaliyyətin bütün sahələri risk dərəcəsindən asılı olaraq üç-dörd qrupa bölünəcək. Layihəyə görə, ayrı-ayrı sektorlar üzrə sığorta tarifləri icra hakimiyyətinin müvafiq orqanları tərəfindən illik nəzərdən keçirilə bilər. Bununla yanaşı, növbəti il üçün tariflər cari ilin dekabr ayının 1-dək təsdiqlənməlidir.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyinin məlumatına görə, 2009-cu ildə istehsalatda 250 bədbəxt hadisə baş verib. Onlardan 65-i inşaat sektorunda baş verib. Bədbəxt hadisələr nəticəsində 69 nəfər həlak olub ki, onlardan 32 nəfəri tikinti sektorunda çalışıb. Bu dövrdə 218 nəfər, eləcə də tikinti sektorunda 48 nəfər müxtəlif ağırdərəcəli zədələr alıb.
Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.
Mayın 3-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.