Azərbaycan, Bakı, 22 iyul /Trend/
İyulun 26-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş üç milyon manat məbləğində istiqrazlarının yerləşdirilməsi keçiriləcək. Bu barədə BFB-nin cümə axşamı yayılan məlumatında deyilir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar 103,6354 qiymətlə satışa çıxarılacaq.
İstiqrazların ödənilmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.
AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu il dekabrın 30-da qeydə alınıb.
Emissiyaların ümumi həcmi illik 3,25 faiz dərəcəsi ilə 75 milyon manat təşkil edir.
Emissiyalardan indiyədək 46 milyon manat yerləşdirilib.
İyulun 22-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.