...

Azərbaycanda keyfiyyətsiz duzun satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2010 17:45 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı "Hikmət" MMC tərəfindən istehsal olunmuş yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.
Azərbaycanda keyfiyyətsiz duzun satışı dayandırılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı "Hikmət" MMC tərəfindən istehsal olunmuş yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Bununla əlaqədar, "Hikmət" MMC-də duz istehsalı və satışının qanunauyğunluğu ilə bağlı yoxlamaya başlanılıb.

Yoxlama zamanı müəssisənin xörək duzu istehsalı üçün uyğunluq sertifikatının olmadığı, xörək duzu istehsalında mənşəyi bəlli olmayan xammaldan istifadə edildiyi, istehsal edilən məhsulun üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, məhsulun qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatları olmayan bükmə materiallarından istifadə olunduğu aşkar edilib.

Bundan başqa, müəssisə tərəfindən Rusiya və Belarusdan idxal edilmiş 47,8 ton xörək duzunun üzərində Azərbaycan dilində markalanmanın olmadığı müəyyən edilib.

Dövlət Xidməti aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar müəssisə tərəfindən istehsal edilmiş 13,9 ton xörək duzunun satışının, mənşəyi bəlli olmayan 190 ton xammaldan və uyğunluq və gigiyenik sertifikatı olmayan bükmə materiallarından istifadənin qadağan edilməsi, duz istehsalı və satışının dayandırılması barədə "Hikmət" MMC-yə icrası məcburi göstəriş verib.

Xəbər lenti

Xəbər lenti