...

Rəqabət ictimaiyyətlə əlaqələrin önəmini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2010 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

"AtaHoldinq" şirkətlər qrupu iqtisadiyyatın istehsal, xidmət, maliyyə sektorlarına sərmayə yatırmış ən böyük maliyyə-sənaye qruplarından biridir. Holdinq biznes fəaliyyəti ilə bərabər Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində gördüyü işlərə görə də yaxşı tanınır.

Holdinqin ictimaiyyətlə əlaqələr və reklam şöbəsinin rəhbəri Dilarə Zamanovadır. Zamanova "AtaHoldinq" şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr (PR) fəaliyyəti barədə geniş məlumat verib.

- Dilarə xanım, "AtaHoldinq" şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr və reklam şöbəsinin qarşısında hansı məqsədlər qoyulub?

-Holdinqimizin və onun törəmə müəssisələrinin tanıdılmasını artırmaq başlıca məqsədimizdir. Rəqabətin sürətlə artdığı günümüzdə şirkətlər rəqiblərinə qarşı daha çox üstünlük əldə etmək üçün sadəcə məsullarına deyil, həm də imiclərinə də önəm verirlər. Keyfiyyət və qiymət baxımından bir-birinə bənzəyən məhsullar arasından imici yüksək olan şirkətin məhsulu seçilir. Bu tendensiya da tərəfimizdən əsas götürülərək PR fəaliyyətimizi həyata keçiririk.

-Xahiş edirəm "AtaHoldinq"in Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası haqqında da məlumat verəsiniz?

- Bizim ictimai məsuliyyətdə iki təməl strategiyamız var. Birincisi, idman və bu yolla Azərbaycanın beynəlxalq arenada daha da tanıdılmasıdır. İkincisi isə, gənclər və insanların intellektual səviyyələrinin inkişaf etdirilməsidir. Hazırda holdinq olaraq KSM-lə bağlı bir neçə uzunmüddətli sponsorluq müqavilələrimiz mövcuddur.

-Hazırda icra edilən KSM layihələrindən hansıların adını çəkə bilərsiniz?

- "AtaHoldinq" şirkətlər qrupu artıq dördüncü ildir ki, "Что, Где, Когда" oyununun keçirilməsinə baş sponsorluq edir. Həmçinin verilişdə bilicilərə qarşı qalib gəlmiş teletamaşaçılara "AtaBank" ASC-dən depozit kartları təqdim olunur və teletamaşaçılar "AtaSığorta" ASC tərəfindən sığortalanırlar. Həmçinin "AtaHoldinq" ASC "Что, Где, Когда" oyunu üzrə keçirilən dünya çempionatının sponsorlarından biridir.

Əlavə edim ki, "AtaHoldinq" şirkətlər qrupu "Turan" İntellektual Klubuna da sponsorluq edir. Klub gənclərin intellektual oyunlara olan böyük marağı nəticəsində 2004-cü ildə yaradılmışdır. "Turan" İntellektual Klubuna daxil olan komandalar arasında "Что, Где, Когда" oyunu keçirilir. Əgər televiziyada yayımlanan "Что, Где, Когда" oyununda bütün təbəqələrdən olan insanlar öz intelektual biliklərini sınaya bilirlərsə, "Turan" İntellektual Klubunun keçirdiyi "Что, Где, Когда" oyunlarına əsasən gənclər qatılırlar.

Ölkəmizdə idmanın inkişaf etdirilməsinə yardım etmək və Azərbaycanın adının beynəlxalq səviyyədə daha da tanıtmaq məqsədilə "AtaHoldinq" ASC bu sahəyə həmişə önəm verir, beynəlxalq yarışların keçirilməsinə sponsorluq edir və Azərbaycan idmançılarının kifayət qədər yüksək nailiyyətlər əldə etməsinə dəstək olur. Himayəmizdə "AtaSport" klubu fəaliyyət göstərir. İdman sahəsində verdiyimiz dəstəklərin ölkəmizin tanınmasına kömək edəcəyi və Azərbaycan idmançılarının beynəlxalq arenalarda layiq olduqları yerləri tutmalarını təmin edəcəyi düşüncəsindəyik.

-Bir çox şirkətlər özlərinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsi olduğu halda reklam və mətbuat işlərini kənar təşkilatlara həvalə edirlər. Bu yol nə dərəcədə doğrudur?

-PR işlərinin kənar şirkətlərə həvalə edilməsi təcrübəsi çoxdan mövcuddur. Ölkəmizdə də bir sıra şirkətlər bu yolla gedirlər. Amma əgər şirkətin PR işlərini aparacaq şöbəsi varsa, yenidən əlavə şirkətin cəlb edilməsinə ehtiyac qalmamalıdır. Özümüz bu işləri görə biliriksə, nə üçün eyni işi bizim üçün başqaları görməlidir. Mənim fikirimcə, bütün PR işlərinin kənar şirkətlərə həvalə edilməsi doğru deyil. Xüsusilə, mətbuatla əlaqələri şirkətlər özləri apardıqda daha faydalı olur. Amma KSM layihələrini həyata keçirən zaman kənar təşkilatlarla işləmək olar.

-Mətbuatla əlaqələri qeyd etdiniz. Sizin fikrinizcə, mətbuatla əlaqələrdə redaktorlar əsas götürülməlidir, yoxsa jurnalistlər?

-Kütləvi İnformasiya Vasitəsində məlumatın yerləşdirilib-yerləşdirilməyəcəyində redaktorların rolu danılmazdır. Buna görə də münasibətlərdə redaktorları tamamilə kənarda qoymaq olmaz. Amma məlumatın yerləşdirilməsi zamanı jurnalistin fikri də qəbul olunur. Jurnalist məlumatı işləyir yaxud redaktə edib hazırlayır. Bizim tədbirlərimizdə və mətbuat konfranslarımızda da jurnalistlər iştirak edirlər. Yəni əziyyət çəkən jurnalistlərdir. Buna görə də münasibətlərdə jurnalistlərə daha çox üstünlük veririk. Qeyd edim ki, Azərbaycanda çox jurnalistlər təmənnasız və zəhmətkeşdirlər. Mən fürsətdən istifadə edib onların hər birinə bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.

-Dilarə xanım, hansısa qəzetdə və yaxud xəbər portalında xəbərini dərc etdirmək üçün mütləq həmin mətbuat orqanına reklam vermək və yaxud abunə olmaq lazımdır?

-Mətbuatla reklam əlaqələrimizi sırf məlumatlarımızı işıqlandırsınlar deyə qurmamışıq. Əlbəttə, çalışırıq ki, reklamları mətbuatda yerləşdirən zaman bizimlə çalışan müxbirlərin təmsil olunduğu mətbuat orqanında, özü də onun vasitəsilə yerləşdirək. "AtaHoldinq"in törəmə müəssisələri marketinq və reklam siyasətlərinə uyğun müxtəlif mətbuat orqanlarında reklamlarını yerləşdirirlər. Burada sırf hədəf kütləsi amili əsas götürülərək reklamlar yerləşdirilir. Biz mətbuat səhifələrinə reklamlarımız vasitəsilə çıxmırıq. Mətbuatla əlaqələrimiz maddi bağlılıqdan daha çox, dostluq əlaqələrinə söykənir. Təsəvvür edin, reklam verib xəbərini dərc etdirən şirkət sabah reklam verməyəndə necə olacaq? Heç kim belə bir durumla qarşı-qarşıya qalmaq istəməz. Bu gün "AtaHoldinq"in mətbuat orqanları ilə sağlam əlaqələri mövcuddur. 2003-cü ildə ilk dəfə işləməyə başladığımız bir çox müxbirlər bu gün bölmə redaktoru, redaktorlardır. Vaxtilə onlar mətbuat konfranslarımızda iştirak edib, birlikdə regionlara səfərlər etmişik. Bu bizə bir-birimizi daha yaxından tanımağa imkan yaradırdı. Bu gün isə onlar bizi daha yaxşı tanıyır və məlumatlarımızın işiqlandırılmasında köməklərini əsirgəmirlər.

-Dilarə xanım, heç əməyinizə kənar təşkilatlardan qiymət verən olubmu?

- "AtaHoldinq" ASC-nin ictimaiyyətlə əlaqələr və reklam şöbəsi "Press-reliz yayım xidməti" tərəfindən keçirilən "İlin ən yaxşı PR xidməti" müsabiqəsində 4 dəfə qalib elan olunub. 2006-cı ilin yekunlarına görə biznes sahəsində "İlin ən yaxşı PR xidməti" elan olunmuşuq. 2007, 2008 və 2009-cu illərin nəticələrinə görə "AtaHoldinq" ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsi maliyyə-sənaye qrupları arasında "Sahənin ən fəal PR-xidməti" nominasiyası ilə qalib seçilib.

Xəbər lenti

Xəbər lenti