...

Azərbaycan Cənubi Koreya şirkətləri ilə müxtəlif layihələr üzrə işləməyə hazırdır – XİN rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2010 15:08 (UTC +04:00)
Azərbaycan Cənubi Koreya şirkətləri ilə inşaat infrastrukturu, o cümlədən dəmir yol layihələri üzrə işləməyə hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Məlumatı "Yonhap" xəbərlər agentliyi yayıb.
Azərbaycan Cənubi Koreya şirkətləri ilə müxtəlif layihələr üzrə işləməyə hazırdır – XİN rəhbəri

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Azərbaycan Cənubi Koreya şirkətləri ilə inşaat infrastrukturu, o cümlədən dəmir yol layihələri üzrə işləməyə hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Məlumatı "Yonhap" xəbərlər agentliyi yayıb.

Məmmədyarov "Yonhap" agentliyinə müsahibəsində Cənubi Koreya və Azərbaycanın layihələrin geniş spektrini müzakirə etmək üçün imkan yaratmaq məqsədilə iqtisadi əməkdaşlıq üzrə müntəzəm danışıqları genişləndirə biləcəklərinə ümidini ifadə edib.

Bu həftə Seula səfəri zamanı Məmmədyarov Cənubi Koreyanın xarici işlər naziri Kim Sunq-Hvan, Baş nazir Kim Hvanq-Şik və Milli Assambleyanın spikeri Park Xi-tae ilə görüşüb.

"Görüş zamanı hər iki nazir Xəzər regionunun zəngin resurslarını və Koreyanın qabaqcıl texnologiyalarını birləşdirən əməkdaşlıqla bağlı qarşılıqlı səmərəli layihələrin inkişafı üçün sıx işlə bağlı razılığa gəliblər", - Kim Sunq-Hvan bildirib.

Məmmədyarovun dediyi kimi, Azərbaycan təkcə enerji sektorunda deyil, həm də inşaat infrastrukturunda, o cümlədən dəmir yolu, kommunikasiya şəbəkələrində və kənd təsərrüfatı sektorunda iri investisiyaları planlaşdırır.

"Biz təkcə Cənubi Koreyanın çoxprofilli şirkətləri ilə deyil, həm də kiçik və orta müəssisələri ilə əməkdaşlığa hazırıq", - nazir deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətlər 2006 və 2007-ci illərdə hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra irəliləməyə başlayıb, Azərbaycandakı müxtəlif layihələrdə iştirak edən Koreya şirkətlərinin sayı artır.

"Hazırda ölkələrimiz arasında iqtisadi əməkdaşlıq komitəsi fəaliyyət göstərir və mən onun statusunun iki ölkənin əməkdaşlığı üzrə müxtəlif məsələlərin müzakirə edilə biləcəyi birgə komissiyayadək genişləndirilməsini təklif edirəm", - Məmmədyarov bildirib.

Xəbər lenti

Xəbər lenti