...

Azərbaycan bankı "DəmirBank" və BMK korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi haqqında müqavilə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2011 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "DəmirBank" və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) çərşənbə axşamı bankın korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi haqqında müqavilə imzalayıblar. Bu saziş çərçivəsində BMK bankın mövcud korporativ idarəetməsinin qiymətləndirilməsini aparacaq, beynəlxalq təcrübəyə uyğunluq üzrə uğurlara nail olmaq üçün tədbirlər keçirəcək.

"DəmirBank" bizim on ikinci və sonuncu pilot layihəmiz oldu. BMK və bank uzun əməkdaşlıq tarixinə malikdir və biz hesab edirik ki, bu bank layiqli namizəddir", - Trend-in məlumatına görə, Azərbaycanda müasir korporativ idarəetmə standartlarının tətbiqi layihəsinin rəhbəri (ACGP) Karolina Brayt bildirib.

"BMK korporativ idarəetmə sahəsində faydalı təcrübəyə malikdir, ona görə də bu layihənin reallaşdırılmasında biz iki məqsəd güdürük - artıq malik olduğumuz təcrübəni bölüşmək və bu sahədə BMK məsləhətləri hesabına fəaliyyəti yaxşılaşdırmaq", - bankın idarə heyətinin sədri Roman Əmircanov bildirib.

Müqaviləyə görə, banka məsləhət xidmətləri təqdim olunacaq və Müşahidə Şurasının üzvləri, rəhbərlik və bankın əsas səhmdarları üçün təlimlər keçiriləcək. BMK sənədləşmənin təkmilləşdirilməsinə, məlumat təchizatının və maliyyə hesabatlılığının gücləndirilməsi, daxili nəzarət funksiyalarının və bankın auditinin yaxşılaşdırılmasına dəstək həyata keçirəcək. Əmircanovun sözlərinə görə, layihənin dəyərinin üçdə biri bankın öz şəxsi vəsaitlərinin hesabına maliyyələşdiriləcək.

Bu, "DəmirBank"la BMK arasında bağlanan məsləhət dəstəyi üzrə ikinci müqavilədir. 2010-cu ilin mayında kredit portfelinin və risklərin idarə olunması, idarəetmənin informasiya sistemi, insan resursları və daxili auditin idarə edilməsi kimi istiqamətlər üzrə texniki dəstək haqqında saziş imzalanıb.

Bank BMK ilə qlobal ticarət, mikro və kiçik sahibkarlığın və ipoteka kreditləşməsinin maliyyələşdirilməsi proqramları üzrə də əməkdaşlıq edir. Bu proqramlar çərçivəsində banka ayrılan kredit xətlərinin ümumi həcmi 15 milyon dollar təşkil edir.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Hazırda "DəmirBank"a İqtisadi Əməkdaşlıq üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən ACGP layihəsinin ikinci fazası çərçivəsində məsləhət xidmətləri göstərilir ki, bunun üçün dörd milyon dollardan artıq vəsait ayrılıb. Korporativ idarəetmə layihəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) normalarına uyğun korporativ idarəetmə standartlarının tətbiqinə yardım edir.

BMK təşəbbüsü olan və SECO tərəfindən maliyyələşdirilən layihənin [birinci hissəsinin] rəsmi açılışı 2005-ci il yanvarın 26-da baş tutub. Layihənin birinci hissəsinin reallaşdırılması 2,1 milyon dollarlıq büdcə ilə üç il müddətinə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti