...

"Təmiz şəhər" ASC tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2011 16:32 (UTC +04:00)
"Təmiz Şəhər" ASC tərəfindən tullantıların müasir idarəetmə sistemini yaratmaq məqsədilə Qala qəsəbəsində 60-dan çox tullantı meydançası qurulub.
"Təmiz şəhər" ASC tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işlərini davam etdirir

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir N.İsmayılova/

"Təmiz Şəhər" ASC tərəfindən tullantıların müasir idarəetmə sistemini yaratmaq məqsədilə Qala qəsəbəsində 60-dan çox tullantı meydançası qurulub. Trend-in məlumatına görə, bu barədə ASC-nin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, daha 30 meydançanın qurulması planlaşdırılır. Tullantı konteynerləri sanitar və gigiyenik normalara uyğun olaraq mütəmadi təmizlənir. Hazırda tullantıların idarə edilməsinin düzgün və səmərəli icrası məqsədilə qəsəbədə tullantıların üzvi və qeyri-üzvi növləri üzrə evlərdə çeşidlənməsi sistemi tətbiq edilir. Bununla əlaqədar tullantı meydançaları izahedici stendlər və 2 müxtəlif rəngli konteynerlərlə təchiz edilib.

Bundan başqa, layihənin uğurlu icrasını və əhalinin layihədə fəal iştirakını təmin etmək üçün geniş təşviqat proqramı həyata keçirilir. Bu proqramın məqsədi Qala sakinlərini tullantıların çeşidlənməsi və təkrar emalı, təbii sərvət və enerjiyə qənaət, ictimaiyyətin məişət tullantıları ilə düzgün rəftar qaydaları haqqında məlumatlandırılması və ekoloji biliklərin artırılmasıdır. Məktəblər üçün ekoloji maarifləndirici mövzularda açıq dərslər keçirilib, eləcə də yaxın günlərdə iməciliyin və ekoloji-maarifləndirici oyunların təşkil edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti