...

Azərbaycanda vergi dərəcələrinin azaldılmasına ehtiyac yoxdur - vergilər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 14:31 (UTC +04:00)
2012-ci il üçün Azərbaycanda Vergi Məcəlləsinə əlavə və dəyişikliklər çərçivəsində vergi dərəcələrinin azaldılması nəzərdə tutulmur.
Azərbaycanda vergi dərəcələrinin azaldılmasına ehtiyac yoxdur - vergilər naziri

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.Xəlilova/

2012-ci il üçün Azərbaycanda Vergi Məcəlləsinə əlavə və dəyişikliklər çərçivəsində vergi dərəcələrinin azaldılması nəzərdə tutulmur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı vergilər naziri Fazil Məmmədov mətbuat konfransında bildirib.

"Hazırda buna ehtiyac yoxdur, çünki Şərqi Avropadakı vergi dərəcələri ilə müqayisədə Azərbaycanda vergi dərəcələri optimal səviyyədədir və kifayət qədər sadələşdirilib", - Məmmədov bildirib.

Onun sözlərinə görə, vergi qanunvericiliyinə nağdsız hesablaşmaların stimullaşdırılması, elektron auditin tətbiqi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin elektron formatda qeydiyyatı və s. kimi tədbirlərlə bağlı dəyişikliklərin edilməsi mümkündür.

Azərbaycanın vergi qanunvericiliyinə son dəyişiklik 2010-cu ildə edilib.

1 yanvar 2010-cu il tarixindən birbaşa vergilərin bəzi növləri üzrə dərəcələr azaldılıb. Gəlir vergisi 22 faizdən 20 faizə, muzdlu işçilər üçün gəlir vergisinin maksimal məbləği 35 faizdən 30 faizə, hüquqi şəxs yaradılmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 35 faizdən 20 faizədək endirilib.

Sadələşdirilmiş vergi sisteminə də dəyişikliklər edilib. Əgər 2010-cu ilədək sadələşdirilmiş sistem üzrə vergini rüblük dövriyyəsi 22,5 min manatı ötməyən fiziki və hüquqi şəxslər ödəyirdilərsə, cari ildən sadələşdirilmiş vergiqoyma sisteminə illik dövriyyəsi 150 min manat təşkil edən hüquqi şəxslər və illik dövriyyəsi 90 min manat olan fiziki şəxslər daxil olacaqlar. Fiziki və ya hüquqi şəxslər tərəfindən bu hədd keçildikdə, onlar 10 gün ərzində Vergilər Nazirliyində ƏDV ödəyicisi qismində qeydiyyatdan keçməlidirlər.

2010-cu ildən etibarən ödənişli əsasda fəaliyyət göstərən məktəbəqədər müəssisələrin ƏDV-nin ödənilməsindən azad edilməsi də tətbiq edilib. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi çərçivəsində yenilik hesab-fakturanın elektron formada təqdim edilməsidir. Nəticədə, Azərbaycan Şərqi Avropa və MDB də elektron hesab-faktura tətbiq edən ilk ölkə olub. ƏDV dərəcəsinin bu il 1 faiz azaldılması ilə bağlı təkliflərə baxmayaraq, cari ildə dərəcənin dəyişməz olaraq, 18 faiz səviyyəsində saxlanılması planlaşdırılır.

2010-cu ildə vergi qanunvericiliyinə ümumilikdə, dörd istiqaməti - vergiödəyicilərinin hüquqlarının artırılması və maraqlarının qorunması (19), vergi administrativliyinin (16) və vergi nəzarətinin (7) təkmilləşdirilməsi, eləcə də redaktə xarakterli (4) dəyişikilikləri əhatə edən 46 dəyişiklik edilib.

Xəbər lenti

Xəbər lenti