Azərbaycan, Bakı, 10 may /Trend, müxbir N.İsmayılova/
Çərşənbə axşamı Bakıda Azərbaycan bankı "DəmirBank" təmirdən sonra yeni korporativ tərtibatda Mərkəz filialını açıb. Filialın açılışı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunub.
"Bu, bankın birinci filialıdır və ona görə də onun təmirdən sonrakı açılışını Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr etməyi vacib hesab etdik", - bankın idarə heyətinin sədri Roman Əmircanov bildirib.
"DəmirBank" interyerin tərtibatının korporativ standartlarını hazırlayıb, buna görə də bank öz filiallarının təkrar tərtibatını həyata keçirir. Bu işlər bank müştərilərinə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
"Bankın bir sıra filialları da interyerin korporativ tərtibatının yeni standartlarına uyğun təmir edilir. Belə ki, məsələn, "Bakıxanov" filialının, Bakıda bir sıra digər filialların və rayonlardakı filialların imici dəyişdiriləcək", - Əmircanov bildirib.
Onun sözlərinə görə, mayın 14-də bank Qusarda filial açmaq niyyətindədir, Qazax filialı artıq istismara verilib, 3-4 aydan sonra bankın Bakıda Nərimanov filialında təmir işləri başa çatacaq, Binəqədi filialı isə yeni ünvanda yerləşdiriləcək. Bank həmçinin Şəmkirdə şöbə açmağı planlaşdırır və bununla əlaqədar artıq işlər görülür.
"DəmirBank" ölkənin ilk və aparıcı banklarından biridir. Bank 1989-cu il oktyabrın 6-da yaradılıb və "Azərdəmiryolbank" adı ilə fəaliyyətə başlayıb. 2009-cu ilin oktyabrında özünün 20 illiyi ilə əlaqədar bank brendini dəyişib və hazırda "DəmirBank" adı ilə fəaliyyətini davam etdirir.
"DəmirBank" 30 filialın daxil olduğu ən geniş filial şəbəkəsinə malikdir. Onlardan 13-ü Bakıda, 17-si ölkənin digər rayonlarında - Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Qazax, Yevlax, Bərdə, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişlidə yerləşir. Bank həmçinin paytaxtda və ölkə regionlarında 45 bankomat şəbəkəsinə malikdir.