...

"Akkord" dördüncü "Uğur"unu sakinlərə təqdim edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2011 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Sentyabr ayının 14-də "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin inşa etdiyi daha bir yaşayış kompleksi təntənəli açılış mərasimi ilə sakinlərin ixtiyarına verilib.

ASC-dən şənbə günü Trend-ə verilən məlumata görə, 3 bloklu 273 mənzildən ibarət 14 mərtəbəli yaşayış kompleksi Xırdalan şəhərinin mərkəzində, Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşir. 1, 2, 3 otaqlı rahat, rasional planlaşdırılmış mənzillərin su və elektrik təchizatı tam şəkildə həyata keçirilib. Binada müasir liftlər quraşdırılıb. Bütün mənzillər telefon və yüksəksürətli internet rabitəsi üçün kabel sistemi ilə təmin edilib. Binanın hər üç girişi və mənzillərin eyvanları fotoelementli işıq sistemi ilə təchiz edilib ki, bu da sakinlərin rahatlığı ilə yanaşı, elektrik enerjisindən qənaətli istifadə baxımından da çox əlverişlidir. Kompleksdəki sakinlərin daimi su təchizatının təmini üçün binanın yaxınlığında irihəcmli, müasir standartlı su anbarı tikilərək istifadəyə verilib. Sakinlərin rahatlığı üçün kompleksin zirzəmisində 50 avtomobillik yeraltı dayanacaq inşa edilib. Kompleksin ətrafı tam şəkildə abadlaşdırılıb, binanın ətrafında sakinlərin, xüsusilə də uşaqların istirahəti üçün nəzərdə tutulmuş gözəl həyət kompleksi yaradılıb. Binanın həyəti də müasir işıqlandırma sistemi ilə təchiz edilib.

"Uğur-4" kompleksi adından da göründüyü kimi, "Akkord"un "Uğur" seriyasından olan komplekslərindən dördüncüsüdür. Buna qədər Korporasiya Bakı şəhərinin müxtəlif yerlərində - H.Aslanov metrostansiyasının yaxınlığında ümumi sahəsi 105 679 m2 olan "Uğur-1" (1236 mənzil), Bakıxanov qəsəbəsindəki Y.Əliyev küçəsində 144 403 m2-lik yaşayış sahəsi olan "Uğur -2" (1788 mənzil), paytaxtın Nizami rayonu ərazisində 34 988 m2-lik "Uğur-3" (495 mənzil) komplekslərinin inşasını həyata keçirib. Bu komplekslərdən "Uğur-1" artıq 3 ildir ki, tam şəkildə sakinlərin ixtiyarına verilib. "Uğur-2" kompleksinin isə cari ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Ümumilikdə, 3792 mənzilə malik olan bu komplekslərdəki mənzillərin 75 faizi, yəni 2816-sı artıq "Akkord" Korporasiyasının əhaliyə təqdim etdiyi əlverişli satış-kredit şərtləri ilə öz sahibini tapıb. Bu sırada "Uğur-4" kompleksinə daxil olan 273 mənzilin 207-si də kompleksin rəsmi açılış gününədək sakinlər tərəfindən əldə edilib.

"Akkord" Korporasiyası mülki yaşayış komplekslərinin tikintisi sahəsində fəaliyyət göstərdiyi 6 il ərzində ümumi yaşayış sahəsi 793 840 m2 (10 477 mənzil) olan 1 şəhərcik, 6 yaşayış kompleksi və 3 binanın tikintisini həyata keçirib. Cari ilədək 3 bina, "Uğur-4" də daxil olmaqla 2 yaşayış kompleksi və 4200 mənzilli "Abşeron Gənclər Şəhərciyi"nin böyük bir hissəsini sakinlərin ixtiyarına verən Korporasiya hazırda digər yaşayış kompleksləri üzrə tikinti-tamamlama işlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti