Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın su operatoru "Azərsu" ASC dövlət şirkəti suyun analizi üzrə fəaliyyətini genişləndirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə operatorun mərkəzi laboratoriyasının yeni binasının təməlqoyma mərasimində şirkətin sədri Qorxmaz Hüseynov deyib.
"Hazırda qarşımızda duran əsas vəzifələrdən biri bütün Bakıdan aldığımız suyu tədqiq etməkdir. Hazırda suyu analiz etmək üçün şəhərin 30-70 nöqtəsindən nümunə götürməyə imkanımız var, gələcəkdə isə onların sayını 600-ə çatdırmağı planlaşdırırıq. Burada istismara verilən yeni mərkəzi laboratoriya böyük rol oynayacaq", - Hüseynov bildirib.
Mərkəzi laboratoriyanın binasının tikintisi səkkiz ay ərzində başa çatacaq.
Onun sözlərinə görə, suyun analizi üzrə fəaliyyətin təkcə ərazi baxımından deyil, istifadəçi kateqoriyasına görə də genişləndirilməsi gözlənilir.
"Bu, təkcə içməli suya aid deyil. Biz həm Bakı, həm də regionlarda çirkab sularının təmizlənməsi üzrə qurğuların işə salınmasını planlaşdırırıq", - Hüseynov bildirib.
Onun sözlərinə görə, şirkət həmçinin fövqəladə hallar və qəzalar zamanı yerindəcə analizlər aparmaq üçün mobil və ekspress laboratopriyaları əldə etməyi planlaşdırır.