...

Əmək Nazirliyində "Özünədəstək" pilot layihəsinə həsr olunmuş iclas keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İctimai Şura oktyabrın 24-də növbəti iclasını keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, birdəfəlik ünvanlı sosial yardım - "Özünədəstək" pilot layihəsinə həsr olunmuş iclasda layihənin sınaq işlərinin digər pilot rayonlarda davam etdirilməsi istiqamətində görülən işlər, habelə ünvanlı sosial yardım (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin tətbiqi, bu mexanizmlərin pilot rayonlar olaraq Cəlilabad və Balakən rayonlarında tətbiqi işləri barədə məlumat verilib.

İclasda bildirilib ki, "Özünədəstək" layihəsi ilə bağlı seçilmiş digər üç pilot rayonun - Masallı, İsmayıllı və Quba rayonlarının hər birində ÜSY alan ailələr haqqında toplanmış Məlumat Bazasından təsadüfi seçmə yolu ilə 90 ailə seçilib. Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları tərəfindən hər bir ailə ilə əlavə maarifləndirmə işləri aparılıb, ailələrin seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün fəaliyyət planı tərtib etmələrində onlara köməklik göstərilib.

Qeyd olunub ki, pilot layihədə iştirak edəcək ailələrə seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün cari ilin noyabr ayında birdəfəlik ünvanlı sosial yardımın verilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın yaradılması haqqında qərar 22 aprel 2011-ci il tarixində nazir Fizuli Ələkbərovun sədrliyi və nazirliyin, Ombudsman Aparatının, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının nümayəndələrinin iştirakı ilə "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi" mövzusunda keçirilən birgə müşavirədə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti