...

Azərbaycan hökuməti və Dünya Bankı arasında kredit sazişi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 16:32 (UTC +04:00)
Azərbaycan hökuməti və Dünya Bankı arasında "Su istifadəçiləri birliklərinin inkişafının dəstəklənməsi" layihəsi üçün 76,8 milyon dollar ekvivalentində Beynəlxalq İnkişaf Assosiasiyası krediti və 3,2 milyon dollar məbləğində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı krediti üzrə hüquqi sazişlər imzalanıb.
Azərbaycan hökuməti və Dünya Bankı arasında kredit sazişi imzalanıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Çərşənbə axşamı Azərbaycan hökuməti və Dünya Bankı arasında "Su istifadəçiləri birliklərinin inkişafının dəstəklənməsi" layihəsi üçün 76,8 milyon dollar ekvivalentində Beynəlxalq İnkişaf Assosiasiyası krediti və 3,2 milyon dollar məbləğində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı krediti üzrə hüquqi sazişlər imzalanıb.

Dünya Bankının Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, hökumət tərəfindən maliyyələşəcək 34,3 milyon dollar da nəzərə alınmaqla, layihənin ümumi dəyəri 114,3 milyon dollar təşkil edir. Sazişlər Azərbaycanın maliyyə naziri Samir Şərifov, "Meliorasiya və Su Təsərrüfatı" ATSC-nin sədri Əhməd Əhmədzadə və Dünya Bankının Azərbaycan üzrə meneceri Jozef Ouen tərəfindən imzalanıb.

Layihənin Azərbaycanın 27 rayonunda yerləşən 760 000 kiçik çaplı fermer təsərrüfatlarında məhsuldarlığın artırılmasına xidmət edəcəyi gözlənilir. Buna Dünya Bankının yeni maliyyələşdirməsi ilə dəstəklənən ölkənin fermer təsərrüfatı üçün irriqasiya və drenaj şəbəkəsinin bərpası və müvafiq potensialın yaradılması sayəsində nail olunacaq.

Dünya Bankının dəstəklədiyi əvvəlki layihələr çərçivəsində su istifadəçilərinə irriqasiya sisteminin idarə olunması və irriqasiya infrastrukturunun bərpası ilə bağlı treninqlər təşkil olunub. "Meliorasiya və Su Təsərrüfatı" tərəfindən icra olunacaq yeni layihə bu dəstəyin daha geniş əraziləri və ölkədəki su istifadəçilərinin əhəmiyyətli hissəsini əhatə etməsini təmin edəcək.

"Bu layihə Azərbaycanın kənd təsərrüfatının potensialının realizasiya olunmasına kömək edəcək, - Dünya Bankının Azərbaycan üzrə ölkə rəhbəri Jozef Ouen deyib. - İrriqasiya sistemlərinin bərpası kənd təsərrüfatı istehsalında inkişafı dəstəkləyəcək, yeni iş yerlərinin yaranmasına, fermerlərin və kənd sakinlərinin gəlirlərinin artmasına səbəb olacaq. Bu layihə, həmçinin ölkədəki təsərrüfatlararası suvarma şəbəkələrinin idarə edilməsini də gücləndirəcək."

"Su istifadəçiləri birliklərinin inkişafının dəstəklənməsi" layihəsi təxminən 900 000 hektarda yerləşən 379 SİB-lərə öz üzvlərinə su təchizatını yaxşılaşdırmaq üçün təlim verəcək və dəstək göstərəcək. Layihə, eyni zamanda, 85 500 hektar əraziyə xidmət edən 34 SİB-in yararlanacağı 3000 km-lik irriqasiya və drenaj kanallarının və suyun nizamlanması qurğularının bərpasını maliyyələşdirəcək.

Layihənin üç komponenti var:

- İnstitusional gücləndirmə və potensialın yaradılması komponenti - bu komponent mərkəzi qurumlar və SİB-lər üçün institusional gücləndirmə və potensialın yaradılması üzrə fəaliyyəti maliyyələşdirəcək.
- Təsərrüfatlar arası suvarma və drenaj sistemlərinin bərpası komponenti - bu komponent seçilmiş rayonlarda SİB-lərin xidmət etdiyi suvarma və drenaj sistemlərininin bərpasını maliyyələşdirəcək.
- Layihənin idarə olunması komponenti - bu komponent layihənin idarə olunması və monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün fəaliyyəti maliyyələşdirəcək.

Azərbaycanın Dünya Bankına üzv olduğu 1992-ci ildən başlayaraq bankın ölkə qarşısında ümumi öhdəlikləri 43 layihə üzrə təxminən 2,9 milyard dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti