...

Bakıda 50 milyard dollar dəyərində CAREC-2020 strategiyası təsdiq edildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2011 20:19 (UTC +04:00)
Çərşənbə günü Bakıda CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) proqramının X yubiley Nazirlər Konfransında 2020-ci ilə qədər CAREC strategiyası təsdiqlənib.
Bakıda 50 milyard dollar dəyərində CAREC-2020 strategiyası təsdiq edildi (FOTO)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir N.İsmayılova/

Çərşənbə günü Bakıda CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) proqramının X yubiley Nazirlər Konfransında 2020-ci ilə qədər CAREC strategiyası təsdiqlənib. Bu, proqramın ilk 10 illik fəaliyyəti əsasında əldə edilən əməkdaşlığın dərinləşdirilməsi üçün platformadır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kuroda bildirib.

"CAREC proqramı çərçivəsində 10 il ərzində 17 milyard dollar həcmində investisiya qoyulub. CAREC-2020-də ümumi dəyəri 50 milyard dollar olan prioritet layihələr yer alıb. Həmin layihələr altı nəqliyyat dəhlizinin formalaşdırılmasının başa çatdırılması, enerji təhlükəsizliyinin artırılması və mövcud iqtisadi dəhlizlərin inkişafını təmin etmək üçün lazımdır", - Kuroda deyib.

CAREC-2020 ticarət və gömrük prosedurlarının sadələşdirilməsini, CAREC üzv ölkələrinin əhalisinin yerdəyişmə prosesini və həyat səviyyəsinin yaxşılaşdırılmasını nəzərdə tutur.

"O cümlədən, region ölkələri arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi çox vacib məsələdir", - Kuroda bildirib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyevin sözlərinə görə, Azərbaycan CAREC proqramının həyata keçirilməsində fəal iştirak edir və proqram çərçivəsində 10 il ərzində ticarət, enerji və nəqliyyat dəhlizlərinin inkişafı kimi sahələrdə və regional əməkdaşlıq üzrə kömək edib.

"Növbəti 10 ildə bu işlər davam etdiriləcək, lakin nəqliyyat dəhlizlərini iqtisadi dəhlizlərə çevirmək lazımdır", - Vəliyev deyib.

Onun sözlərinə görə, gələcəkdə proqrama hazırda onun əhatə etmədiyi yeni layihələrin daxil edilməsi mümkündür.

CAREC Mərkəzi Asiya ölkələrinə və onların qonşularına 4 əsas sahədə (nəqliyyat, ticarətin əlaqələndirilməsi, ticarət siyasəti və enerji) regional əməkdaşlığı təbliğ etməklə öz potensiallarını realizə etmək imkanı verir.

CAREC-in 10 üzvü var: Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan. CAREC-in həmçinin 6 beynəlxalq tərəfdaşı var: Asiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fondu (BFV), İslam İnkişaf Bankı (İİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Dünya Bankı.

Xəbər lenti

Xəbər lenti