...

Azərbaycanda kapital bazarının modernləşdirilməsi yolları müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2012 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir A.Axundov /

Yanvarın 25-dən Dünya Bankının (DB) kapital bazarlarının modernləşdirilməsi layihəsinin rəhbəri (CMMP) Uzma Xəlilin başçılıq etdiyi missiyanın Azərbaycana səfəri başlayacaq. Bu barədə Trend-ə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

"Səfər zamanı bu layihənin qüvvəyə minməsi ilə əlaqədar onun həyata keçirilməsi üzrə gələcək addımlar, eləcə də büdcə və korporativ sektorlarda (CAP/SAP) hesabatlılıq layihəsinin icrası müzakirə olunacaq", - bankın nümayəndəliyindən deyiblər.

DB-nin missiyası Bakıda bir həftə olacaq.

Azərbaycan hökuməti ilə DB arasında CMMP layihəsi üzrə kredit sazişi 2011-ci il sentyabrın sonlarında imzalanıb.

Layihənin ümumi dəyəri 15,8 milyon dollardır ki, bundan 12 milyon dollar DB tərəfindən, 1,6 milyon dollar İqtisadi məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO), 2,2 milyon dollar Azərbaycan hökuməti tərəfindən ayrılıb. CMMP layihəsi üzrə kredit üç illik güzəşt dövrü ilə 15 il müddətinə verilir.

CMMP layihəsi maliyyə sektorunun daha yaxşı şaxələndirilməsi, ortamüddətli perspektivdə korporativ idarəetmənin möhkəmləndirilməsi və maliyyəyə girişin yaxşılaşdırılması yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün zəruri olan prioritet və razılaşdırılmış islahatlar paketini dəstəkləyir.

Azərbaycanla əməkdaşlığın əvvəlindən DB tərəfindən ölkəyə 43 layihə üçün 2,9 milyard dollar vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti