...

2011-ci ildə Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 18:27 (UTC +04:00)
2011-ci il dövlət büdcəsinin mədaxili 15700,6 mln. manat, xərcləri 15394,7 mln. manat olub, 305,9 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
2011-ci ildə Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunub

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

2011-ci il dövlət büdcəsinin mədaxili 15700,6 mln. manat, xərcləri 15394,7 mln. manat olub, 305,9 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Bu barədə çərşənbə günü Trend-ə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

2011-ci ildə dövlət büdcəsinin mədaxili 100,9 faiz icra olunub ki, bu da keçən illə müqayisədə 4297,6 mln. manat və ya 37,7 faiz çoxdur.

Vergilər Nazirliyi mədaxil proqnozunu 106,0 faiz icra etməklə dövlət büdcəsinə 5472,0 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 312,0 mln. manat, 2010-cu ilə nisbətən isə 1179,2 mln. manat və ya 27,5 faiz çoxdur.

2011-ci ildə Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək büdcəyə 1141,5 mln. manat vəsait təmin edib.

2011-ci ildə sair gəlirlərdən nəzərdə tutulan 51,0 mln. manata qarşı büdcəyə 87,1 mln. manat və ya proqnoza nisbətən 70,7 faiz çox vəsait daxil olub.

Dövlət Neft Fondundan büdcəyə tələb olunan məbləğdə, yəni 9000,0 mln. manat vəsait transfert edilib.

2011-ci ildə dövlət büdcəsinin xərcləri 96,6 faiz icra edilib ki, bu da 2010-cu ilə nisbətən 3628,8 mln. manat və ya 30,8 faiz çoxdur.

2011-ci ildə cari xərclərə dövlət büdcəsi xərclərinin 46,7 faizi həcmində və ya 7190,7 mln. manat vəsait sərf edilib ki, bu da 2010-cu illə müqayisədə 544,4 mln. manat və ya 8,2 faiz çoxdur.

Əsaslı xərclərə 7860,9 mln. manat və ya dövlət büdcəsi xərclərinin 51,1 faizi həcmində vəsait yönəldilib ki, bu da 2010-cu ilə nisbətən 2833,0 mln. manat və ya 56,3 faiz çoxdur. Həmin vəsaitin 5854,0 mln. manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 2006,9 mln. manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib.

Dövlət borclarına xidmətlə bağlı xərclərə dövlət büdcəsi xərclərinin 2,2 faizi həcmində və ya 343,1 mln. manat vəsait istifadə olunub ki, bu da 2010-cu illə müqayisədə 252,4 mln. manat və ya 3,7 dəfə çoxdur.

2011-ci ildə sosialyönümlü xərclərin maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 28,2 faizi və ya 4340,1 mln. manatı yönəldilib ki, bu da 2010-ci illə müqayisədə 637,0 mln. manat və ya 17,2 faiz çoxdur.

2011-ci il ərzində istifadə olunan 5854,0 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidən qurulmasına 729,5 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 5124,5 mln. manat vəsait yönəldilib.

Xəbər lenti

Xəbər lenti