...

flydubai şirkəti Bişkek şəhərinə reys açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2012 13:11 (UTC +04:00)
Dubayın ilk qənaətcil flydubai aviaşirkəti dünyanın ən sürətlə inkişaf edən hava yolu statusunu təsdiqləyərək, üç ildən daha az müddətdə uçuş coğrafiyasını 50 istiqamətə kimi genişləndirdi.
flydubai şirkəti Bişkek şəhərinə reys açıb

Azərbaycan, Bakı, 13 fevral / Trend, müxbir E.İsmayılov /

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti dünyanın ən sürətlə inkişaf edən hava yolu statusunu təsdiqləyərək, üç ildən daha az müddətdə uçuş coğrafiyasını 50 istiqamətə kimi genişləndirdi. Aviaşirkətin təyyarəsi bu günlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərinin Beynəlxalq hava limanına enərək, marşrut xəritəsindəki ölkələrin sayını 28-ə çatdırib. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yeni reysin təntənəli açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Xalid Əl Qeyt, Qırğızıstanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əməkdaşlıq Departamentinin başçısı Uzar Kemelov, flydubai aviaşirkətinin Prezidenti Qeyt Əl Qeyt və aviaşirkətin kommersiya Direktoru Hamad Obaydalla iştirak etmişlər. Dubayı Bişkeklə birləşdirən hava yolu həm aviaşirkət üçün, həm də iki ölkə arasındakı tarixi əlaqələr baxımından önəmli hadisədir. flydubai BƏƏ-nin ilk aviaşirkətidir ki, bu Mərkəzi Asiya ölkəsinə uçuşlar təşkil edir.

"BƏƏ höküməti adından ölkələrimiz arasında birbaşa hava yolu açılması münasibəti ilə flydubai aviaşirkətini və Qırğızıstan hökümətni təbrik edirəm. Yeni reys iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək. Ümidvaram ki, açdığımız marşrut hər iki ölkə vətəndaşlarının tələbatına uyğun olaraq, ölkələrimiz arasında daim yaxın əlaqələrin qurulmasına xidmət edəcək", - BƏƏ-nin iqtisadiyyat nazirinin müavini Xalid Əl Qeyt deyib.

2011-ci ilin dekabr ayında sıra nömrəsi 7 000 olan Boeing 737 təyyarəsinin istismara verilməsindən sonra 50-ci istiqamətin uçuş şəbəkəsinə əlavə olunması gənc aviaşirkətin tarixində mühüm hadisədir.

flydubai-ın Prezidenti Qeyt Əl Qeyt üç ildən daha az müddətdə aviaşirkətin uçuş coğrafiyasının 50 istiqamətə kimi genişləndirməsindən qürur duyduğunu bildirdi. Yeni reysin açılışı, şirkətin Birləşmiş Ərəb Əmirlikləri ilə birbaşa hava yolu olmayan regionlara xidmət göstərmək əzmini təsdiq edir.

"Bugünkü reys flydubai aviaşirkətinin dinamik inkişaf tarixində mühüm yer tutur. 2009-cu ilin iyun ayından etibarən uçuşlara başlayaraq, biz qarşımıza məqsəd qoymuşduq ki, yeni təyyarələr istismara buraxaraq, yeni marşrutlar istifadəyə verərək, maksimal sürətlə inkişaf edək. Bu strategiya müştəri axınının daim artması ilə yanaşı biznes modelimizin gəlirliyini və sarsılmazlığını təmin edir. Bu strategiya artıq özünü doğruldub. Hal-hazırda hava donanmamızın sayı 21 təyyarədən ibarətdir. Marşrut xəritəmiz Fars Körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan yarımadası, Asiya, Mərkəzi və Şərqi Avropanın 28 ölkəsini əhatə edərək bizi tarixdə ən sürətlə inkişaf edən aviaşirkət edir".

flydubai ilk addımlarından marşrut şəbəkəsinin yüksək sürətli inkişafını müəyyən etmişdir. İlk reysini aviaşirkət 1 iyun 2009-cu ildə, 189 sərnişini Beyrut şəhərinə çatdıraraq həyata keçirmişdir. O zamandan bəri flydubai səyahətlərin yüngül, rahat və əlverişli olması üçün səylərini əsirgəmir. 2008-ci ilin mart ayında Dubay höküməti tərəfindən səsləndirilmiş aviaşirkətin inkişaf perspektivləri, Dubay-Beyrut kimi geniş yayılmış istiqamətlərə sərfəli alternativ təklif etmək, habelə Gürcüstanın paytaxtı Tbilisi kimi, Əmirliklər ilə birbaşa hava yolu mövcud olamayan istiqamətlərə yeni reyslərin açılmasından ibarətdir.

flydubai, Yaxın Şərqdə ən inkişaf etmiş şəbəkələrdən birini yaradıb, yeni tendensiya ortaya qoyaraq, beynəlxalq hava nəqliyyatı inkişaf etmədiyi istiqamətlərə üz tutdu. Bu sırada Səüdiyyə Ərəbistanın Əba, Əl-Qassim və Yanbu şəhərlərinə ilk beynəlxalq reyslərin açılışını qeyd etmək olar. Bundan başqa, flydubai ilk olaraq Dubay və Samara şəhərləri arasında birbaşa hava yolu açdı, indidən belə isə Qırğızıstanın paytaxtı Bişkek şəhərinə uçuşlar həyata keçirəcək. flydubai ilk qənaətcil aviaşirkətdir ki Əddis-Əbəbə və Bakı şəhərlərinə aviareyslər təşkil edir.

flydubai inkişaf tempini qoruyub saxlayaraq, daim yüksək xidmət göstərmək məqsədi ilə müxtəlif sistem, iş icraları, əməkdaşların hazırlanma proqramlarına mühüm maliyyə yatırımları edir. Ənənəvi aviaşirkətlərin üstünlük təşkil etdiyi regionlarda fəaliyyət göstərən flydubai, keyfiyyətə qənaət etməyən müvəffəqiyyətli qənaətcil hava daşıyıcısı statusunu təsdiq edib. flydubai-ın reyslərinə yüksək tələbat nəticəsində, aviaşirkət tez bir zamanda Dubay Beynəlxalq hava limanının sayca ikinci ən iri hava daşıyıcısı olub.

flydubai-ın sürətli inkişaf artımı və biznesin aparılmasında mütərəqqi yanaşmaları diqqətdən yayınmayıb. Aviaşirkət bir sıra mükafatlarla təltif olunub. Bunların sırasında Business Traveller Middle East Awards və Aviation Business Awards 2011 tərəfindən "İlin Qənaətcil aviaşirkəti" adını qeyd etmək kifayətdir.

"2009-cu ildə Beyruta həyata keçirdiymiz ilk reysdən bəri uzun yol keçmişik, lakin dayanmaq niyyətində deyilik. Regionun digər aviaşirkətlərinə örnək olaraq, müasir yeniliklər tətbiq etməklə, artım xəttimizi qoruyub saxlayacayıq, marşrut şəbəkəmizi, hava donanmamızı və xidmətlərimizi təkmilləşdirməkdə davam edəcəyik" - Qeyt Əl Qeyt sonda əlavə edib.

Bişkek şəhərinə aviareyslər fevralın 7-dən start götürüb. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçirilir. Dubay-Bişkek reysinə birtərəfli biletin qiyməti 278 ABŞ dollarından başlayır.

Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Misal üçün, çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.

Xəbər lenti

Xəbər lenti