...

Macarıstan Azərbaycan ilə iqtisadi əməkdaşlığın yeni səviyyəsinə çıxmağı planlaşdırır - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 16:03 (UTC +04:00)
Macarıstan Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 20-ci ilində ölkə ilə iqtisadi əməkdaşlığın yeni səviyyəsinə çıxmağı planlaşdırır.
Macarıstan Azərbaycan ilə iqtisadi əməkdaşlığın yeni səviyyəsinə çıxmağı planlaşdırır - səfir

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir S.Ağayeva/

Macarıstan Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 20-ci ilində ölkə ilə iqtisadi əməkdaşlığın yeni səviyyəsinə çıxmağı planlaşdırır. Bu barədə cümə axşamı Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora bildirib.

Onun sözlərinə görə, iki ölkənin uğurla və qarşılıqlı faydalı əməkdaşlıq edə biləcəyi yeni əməkdaşlıq sahələri mövcuddur. Bura aqrar, turizm, alternativ enerji sahələri aiddir.

Kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlıq perspektivlərinin diqqətlə öyrənilməsindən sonra Macarıstan şirkətləri tərəfindən quşçuluq, maldarlıq, toxumçuluq və bağçılıq sahələrində əməkdaşlıq haqqında bir sıra təkliflər hazırlanıb.

Səfir bildirib ki, Macarıstanın kənd təsərrüfatı və regional inkişaf naziri Şandor Fazekaş bu münasibətlərin perspektivlərini apreldə Bakıda Azərbaycanın müvafiq strukturları ilə müzakirə etməyi planlaşdırır.

Diplomat qeyd edib ki, məqsədi aprelin 18-21-də Bakıda keçiriləcək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 28-ci regional konfransında iştirak olan səfər çərçivəsində naziri Macarıstanın müxtəlif nazirlik və qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Səfirin sözlərinə görə, iki ölkənin iqtisadi münasibətləri inkişaf etməkdə davam edir, lakin hələ lazımi səviyyədən uzaqdır.

İqtisadi böhrana baxmayaraq, ötən il Azərbaycan və Macarıstan arasında mal dövriyyəsi 2010-cu illə müqayisədə 10 faiz artıb.

Bu münasibətlərə təkan vermək məqsədilə Bakıda yeni ticarət evinin açılması planlaşdırılır. Macar diplomatın fikrincə, ticarət evinin açılması bu sahədə ciddi addım olacaq.

Xəbər lenti

Xəbər lenti