Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir S.Ağayeva/
Latviya Azərbaycanla iqtisadi münasibətləri genişləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib.
"Bizim iqtisadi münasibətlərimiz olduqca güclüdür. Lakin biz bu münasibətləri daha da genişləndirmək istərdik", - nazir qeyd edib.
Rinkeviçs bildirib ki, Azərbaycanın xarici işlər naziri ilə görüş zamanı əlaqələrin həm ikitərəfli formatda, həm də beynəlxalq səviyyədə perspektivləri müzakirə edilib.
Onun sözlərinə görə, Latviya Azərbaycanı Aİ-yə və NATO-ya inteqrasiyasında dəstəkləyəcək. Danışıqlar zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və İranla bağlı vəziyyətə toxunulub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir.
O qeyd edib ki, Bakı Riqa ilə həm humanitar, həm də təhsil sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.
Məmmədyarov, həmçinin latviyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişatı haqqında məlumat verib.