...

Azərbaycanda meteorologiya sisteminin ən müasir tələblərə cavab verən səviyyəyə çatdırılması nəzərdə tutulur - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 02:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Azərbaycanda meteorologiya sisteminin ən müasir tələblərə cavab verən səviyyəyə çatdırılması nəzərdə tutulur - nazir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış etmişdir

Onun sözlərinə görə, son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır.

"Bu məqsədlə ölkədə çətin keçilən ərazilərdə hidrometeoroloji şəraiti daha dəqiq və fasiləsiz izləməyə imkan verən 18 Avtomat Meteoroloji Stansiya, 8 avtomat yağıntıölçən, 5 avtomat su səviyyəsi ölçən və 2 ultrasəs su sərfi ölçən cihaz qurulmuşdur. Eyni zamanda, Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin 3700 metr yüksəkliyədək ərazilərində meteoroloji şəraiti real vaxt rejimində izləməyə imkan verən videogörüntülərin alınması ilə müşahidə olunan avadanlıq quraşdırılmışdır. Hazırda Kiş çayında sel axınlarını və Ləzədə meteoroloji şəraiti fasiləsiz izləməyə imkan verən avadanlıq qurulur.

Fransanın "Meteo France İnternational" və ABŞ-ın "Weather Central" şirkətləri ilə ölkəmizin meteorologiya sisteminin ən müasir tələblərə cavab verən səviyyəyə çatdırılması üçün layihə işləri başa çatdırılır", - Bağırov bildirib.

Nazir qeyd etdi ki, sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacında 60 hektar ərazidə quraqlığa davamlı və estetik görkəmə malik 156 min ağac və kol əkilmiş, bütün bu ərazidə xüsusi texnologiya üzrə dik yamaclarda adi yolla mümkün olmayan təbii yaşıl örtük yaradılır.

"Ağaclar üçün müasir damcılı, ot üçün isə səpilən suvarma sistemlərinin quraşdırılması tamamlanmaq üzrədir. Bu da suvarmanın ancaq torpağın üst qatında cəmləşərək, sürüşməyə təsir etməməsi üçün vacibdir.

Məlum olduğu kimi, bu işlərin aparılması hava şəraiti ilə sıx bağlıdır. Son ilin payız və qış mövsümlərinin həddindən artıq sərt keçməsi əkin mövsümünün gecikməsini şərtləndirsə də, hazırda əkin və meşə-texniki işləri yüksək sürətlə aparılır və qarşıya qoyulmuş məqsədlərə nail olunacaqdır", - Bağırov deyib.

O bildirib ki, məhz bunun nəticəsi kimi, bir sıra nüfuzlu elmi-tədqiqat mərkəzləri tərəfindən dünyanın 132 ölkəsi arasında aparılmış araşdırmada son 8-10 ildə ətraf mühitlə bağlı problemlərin həllində müsbət dəyişikliklərin tempi və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan ikinci yeri tutmuşdur.

"Meşələrin vəziyyətindəki müsbət dəyişikliklərə görə isə Azərbaycan ən yüksək nailiyyətlər əldə etmiş ölkə sayılmışdır. Hesab edirik ki, bu Sizin sərəncamlarınızla həyata keçirilən regionların qazlaşdırılması prosesi, meşələrdən sənaye məqsədləri üçün istifadənin demək olar ki, tam qarşısının alınması, meşəsalma və yaşıllaşdırma işlərinin tempi və keyfiyyətinin artması ilə bağlıdır", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti