Azərbaycan, Bakı, 24 may /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız mallar aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakının Yasamal, Binəqədi, Nizami rayonlarında, Xırdalan, Gəncə, Şəmkir, Şirvan, Zaqatala şəhərlərində, eləcə də Goranboy, İmişli, Kürdəmir, Ağdam rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 560 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.