...

“Bank of Baku” faizləri müştərilərə geri qaytarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2012 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend/

"Bank of Baku" Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq "Faizlər geri qayıdır" adlı kampaniyaya başlayır. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatında deyilir.

Kampaniya çərçivəsində kredit müddəti boyunca yubanmaları olmayan müştəriyə bank tərəfindən kredit üzrə ödənilmiş faizlər geri qaytarılır. Kampaniya şərtləri daxilində qaytarılan faizlər "Bank of Baku" müştərilərinə bonus qismində hədiyyə edilir.

Start götürən kampaniya çərçivəsində iki cür kredit imkanından faydalanmaq olar. Birinci imkana əsasən, 6 ay müddətinə 500 manata kimi kredit ayrılır və hər vətəndaş bu kredit üçün banka müraciət edə bilər. Bankın filialları ilə təmsil olunan ərazilərdə qeydiyyatda olanlar isə həmdə bunu arayış təqdim etmədən edə bilər. Kampaniya zamanı kredit rəsmiləşdirən və ödəmələrini yubanmadan edən bütün müştərilərə faizlər qaytarılır. Bu müştərilərə faizlər "Dostlar klubu"nun üzvü olduqda kredit üzrə son ödənişin növbəti iş günü, müştəri "Dostlar klubu"nun üzvü olmadıqda isə bu kluba üzv olduğu gün qaytarılır (bu kreditdən yararlanıb vaxtında ödəniş edən müştərilər, bankla əməkdaşlıq tarixçəsi 12 aydan az olsa belə, istisna hal kimi klub üzvlüyünə qəbul olunur). Faizlər müştəriyə təqdim olunacaq və ya mövcud "Dostlar klubu" kartına yatırılmış bonus məbləği formasında qaytarılır. Bonus məbləği nağd kredit götürüldükdə komissiya haqqının ödənişi üçün, yaxın gələcəkdə isə digər məqsədlər üçün istifadə edilə bilər.

Kampaniya çərçivəsində ikinci kredit imkanına görə, müştəri 30 aya qədər 5000 manata kimi kredit rəsmiləşdiribsə və bonusun qaytarılması şərtlərinə uyğundursa, bu halda onun "Dostlar klubu" kartına 50 manat məbləğində bonus vəsaiti yüklənir.

Təkrar müştərilər və tərəfdaş təşkilatların əməkdaşları ikinci kredit imkanından da arayışsız yararlana bilər. Bu şərt çərçivəsində kredit rəsmiləşdirmiş müştərilərə bonusun verilmə şərti 500 manata qədər kreditin şərti ilə eynidir. Müştəri kreditin hər iki növünü rəsmiləşdirdiyi təqdirdə isə ona yalnız 500 manata kimi kreditin faizləri qaytarılır. İkinci imkandan yararlanmış müştərilərə bonuslar 14 fevral tarixində - "Bank of Baku"nun təsis olunma günündə qaytarılacaq.

"Faizlər geri qayıdır" kampaniyası 15 oktyabr 2012-ci il tarixinədək qüvvədədir.

"Faizlər geri qayıdır" kampaniyasının təfərrüatları ilə yaxından tanış olmaq üçün http://www.bankofbaku.com/az/articles/faizleri-musterilere-geri-qaytarir-kredit-kampaniya.html korporativ saytına daxil olmaq və ya "Bank of Baku"-nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək olar. "Bank of Baku"-dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını ,"Bank of Baku"-nun daimi müştəriləri "Dostlar klubu"nun hansı kartına sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə "Dost, boşluq, 6 rəqəmli müştəri kodu"nu yazıb 8145-ə SMS göndərə bilər.Həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

Xəbər lenti

Xəbər lenti