...

İsveçrə və Azərbaycan yeni strategiya çərçivəsində əməkdaşlığı davam etdirəcək – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 12:41 (UTC +04:00)
Bu gün İsveçrə hökuməti Azərbaycana 70 milyon dollara yaxın məbləğdə qrant ayırıb.
İsveçrə və Azərbaycan yeni strategiya çərçivəsində əməkdaşlığı davam etdirəcək – səfir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Axundov/

Bu gün İsveçrə hökuməti Azərbaycana 70 milyon dollara yaxın məbləğdə qrant ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İsveçrənin Azərbaycandakı səfiri Sabina Ulman-Şaban Azərbaycanda kapital bazarının müasirləşdirilməsi layihəsinə İsveçrə hökumətinin texniki yardımı haqqında sazişin imzalanması mərasimində deyib.

"Azərbaycan İsveçrə üçün prioritet ölkədir. İsveçrə Azərbaycanda qeyri-neft sektorunun inkişafına, makroiqtisadi sabitliyin dəstəklənməsinə, kəndlərin inkişafına töhfə verəcək", - diplomat deyib.

Onun sözlərinə görə, İsveçrə və Azərbaycan yeni strategiya çərçivəsində əməkdaşlığı davam etdirəcək. Kapital bazarının müasirləşdirilməsi layihəsi İsveçrənin Azərbaycanın maliyyə bazarına dəstəyinin məntiqi davamı olacaq və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında müəyyən rol oynamaq iqtidarındadır.

Səfir "Qiymətli kağızlar haqqında" yeni qanunun qəbul ediləcəyinə ümidini, eləcə də Azərbaycanla gələcək əməkdaşlığın inkişafına əminliyini ifadə edib.

İsveçrə hökuməti Azərbaycan iqtisadiyyatına İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) və İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin (SDC) xətti ilə sərmayə yatırır.

Layihələrin maliyyələşdirilməsinə hər il SECO çərçivəsində dörd milyon dollardan altı milyon dollaradək, SDC çərçivəsində isə iki milyon dollaradək vəsait ayrılır.

Xəbər lenti

Xəbər lenti