...

Bakı Metropoliteni və "Akkord-Bouygues" arasında anlaşma memorandumu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Bakı Metropoliteni və "Akkord-Bouygues" birgə müəssisəsi arasında "Bakı metrosunun inkişafı layihəsi" çərçivəsində "28 May" stansiyasının yenidən qurulması və yeni "yaşıl xətt"in Xətai-Həzi Aslanov-2 hissəsinin (7 km tunel və 3 yeni stansiya) tikintisi üzrə anlaşma memorandumu imzalanıb.

"Akkord" Korporasiyasından Trend-ə verilən məlumata görə, anlaşma memorandumu Bakı Metropoliteni adından metropoliten rəisi Tağı Əhmədov, "Akkord-Bouygues" BM adından "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri, baş direktor Xaqani Quluzadə və Fransanın "Bouygues Travaux Publics" şirkəti adından icraçı direktor Jan-Denis Arnal tərəfindən imzalanıb.

Qeyd edək ki, hələ 29 iyun 2011-ci ildə "Akkord" Korporasiyası ilə "Bouygues Travaux Publics" Şirkəti arasında imzalanan anlaşma memorandumu Azərbaycanda infrasktruktur layihələrində, həmçinin Bakı şəhərində yeni metropoliten xətləri və stansiyalarının tikinitisində birgə iştirak məqsədlərini və iş birliyinin ilkin şərtlərini ehtiva edir.

Fransanın ən nəhəng şirkətlərindən olan "Bouygues Travaus Publics" şirkəti dünyanın ən iri maliyyə-sənaye qruplarından biri olan "Bouygues Qrup"a daxildir. "Bouygues Qrup" 1952-ci ildə təsis edilib və hazırda fəaliyyəti diversifikasiya edilməklə dünyanın ən iri sənaye qruplarından birisi kimi fəaliyyət göstərir.

"Bouygues Qrup" Şərqi və Qərbi Avropada, Yaxın Şərq və Afrikada, Asiya-Sakit okean hövzəsi regionunda uğurla fəaliyyət göstərməklə yanaşı, Şimali Amerika - ABŞ və Kanadada da yeni bazarlara çıxış əldə edib. "Bouygues Qrup"un 2011-cu ildə 32.7 milyard avro məbləğində illik dövriyyəsi olub. Metro tikintisi və infrakstruktur layihələr, əsasən, "Boygues Construction"un törəməsi olan "Bouygues Travaux Publics" tərəfindən həyata keçirilir. Şirkət dünyada həyata keçirdiyi layihələr çərçivəsində 350 km-dan artıq tunel xətləri çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti