...

Azərbaycan, Rusiya və Belarus Beynəlxalq Lizinq Birliyi yaradıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2012 16:40 (UTC +04:00)
Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA), Belarus Lizinqverənlər Assosiasiyası və Rusiya Lizinq Assosiasiyaları Beynəlxalq Lizinq Birliyi (BLB) yaradıblar.
Azərbaycan, Rusiya və Belarus Beynəlxalq Lizinq Birliyi yaradıblar

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA), Belarus Lizinqverənlər Assosiasiyası və Rusiya Lizinq Assosiasiyaları Beynəlxalq Lizinq Birliyi (BLB) yaradıblar.

Trend Rusiya Lizinq Assosiasiyalarına istinadən məlumat verir ki, BLB dekabrın 3-də rəsmən qeydə alınıb. Birliyin yaradılması barədə danışıqlar 2011-ci ilin dekabr ayından aparılır.

Birliyin vəzifələri dövlətlərarası koordinasiya orqanları ilə birgə BLB-nin olduğu ölkələrdə beynəlxalq lizinqin bütün vacib istiqamətlərini və inkişaf proqramlarının işlənib hazırlanması; beynəlxalq lizinq, saziş layihələri, konvensiyalar, beynəlxalq lizinqin hüquqi əsaslarını həyata keçirmək məqsədilə milli qanunvericiliyin hazırlanmasında iştirak; beynəlxalq lizinq bazarının struktur və dinamikasının təhlili, BLB üzvlərinin marağında olan müvafiq statistik və analitik məlumatların toplanması və ümumiləşdirilməsi və digərləri olacaq. Eyni zamanda, BLB beynəlxalq təşkilatlarda üzvlərinin iqtisadi, ticarət, ictimai maraqlarını və hüquqlarını təmsil edəcək.

BLB, həmçinin digər ölkələrdən Birliyə əlavə iştirakçıların cəlb edilməsi yolu ilə özünün genişləndirilməsini planlaşdırır. Yeni yaradılan BLB-nin icraçı orqanı Belarusda yerləşir.

Yeni Birliyin yaradılmasına münasibət bildirən ALŞA sədri Elçin Əhmədov deyib ki, yeni qeydiyyatdan keçmiş Beynəlxalq Lizinq Birliyinin məqsədi Birlik dövlətlərinə aid subyektlərin inteqrasiya proseslərini aktivləşdirmək, onların iqtisadi potensialın gücləndirməkdir. Bu barədə bazar ertəsi ALŞA-dan Trend-ə bildiriblər.

"Lizinq Birliyi bu subyektlərin maliyyə, əmlak, intellektual və digər maraqlarını təmsil və müdafiə edəcək, Birliyin fəaliyyəti çərçivəsində beynəlxalq lizinq üzrə vahid informasiya bankı yaradılacaq. Həmçinin, yeni təşkilat gələcəkdə lizinq şirkətlərinin fəaliyyətini dəstəkləmək məqsədilə birja, elmi-araşdırma, marketinq araşdırmaları həyata keçirməyi, təcrübə mübadiləsini aktivləşdirmək üçün seminarlar, konfranslar, sərgi və işgüzar görüşlər keçirməyi nəzərdə tutur", - ALŞA-nın məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti