Azərbaycan, Bakı, 19 dekabr /Trend/
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər üçün "Korporativ idarəetmə" mövzusunda treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirakçılara Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri və s. barədə ətraflı məlumat verilib.
Həmçinin tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, bu portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.