...

2012-ci ildə 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2012 16:16 (UTC +04:00)
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu ilin sonuncu tədbirini Binəqədi rayonunun Xocasən qəsəbəsində keçirib. Tədbirdə 100-dək sahibkar iştirak edib.
2012-ci ildə 2419 sahibkara 218 milyon manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir C.Nəsibova/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu ilin sonuncu tədbirini Binəqədi rayonunun Xocasən qəsəbəsində keçirib. Tədbirdə 100-dək sahibkar iştirak edib.

Trend-in məlumatına görə, tədbirdən əvvəl Binəqədi rayonunun Sulu-Təpə qəsəbəsində əsas hissəsi Fondun vəsaitləri hesabına maliyyələşdirilmiş çörək istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Tədbir çərçivəsində Binəqədi rayonunun, o cümlədən Xocasən qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir ət kəsimi, kiçik çörək istehsalı, tikiş və toxuculuq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2012-ci il ərzində Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Fondun vəsaitləri hesabına bu il 2419 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 218 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 9100-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlər hesabına son illər maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi 2012-ci ildə istifadəyə verilib.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı şəhəri və onun qəsəbələri üzrə 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2900-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Verilmiş kreditlərin 68,1%-i aqrar sektorun, 31,8%-i sənaye məhsullarının istehsalı və emalı sahələrin inkişafına və s. yönəldilib. Güzəştli kreditlərin 83%-i respublikanın regionlarının, 17%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 3 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti