Azərbaycan, Bakı, 4 mart/Trend/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı" Layihəsinin (SMİL) "İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində emal sənayesi sahəsində müəssisələrlə birgə yerli şəraitə uyğun olaraq 27 nümunəvi peşə standartının layihəsi hazırlanıb.
Bazar ertəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə,
layihə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinin, İqtisadi İnkişaf Nazirliyinin və digər təşkilatların, habelə layihənin ekspertlərinin iştirakı ilə keçirilən kənd təsərrüfatı və nəqliyyat sahə komissiyalarının növbəti iclasında rəy və təkliflərin verilməsi üçün təqdim edilib. Rəy və təkliflərin 27 iş günü ərzində bildirilməsi barədə razılığa gəlinib.
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Almaniyanın "GOPA Consultants" beynəlxalq məsləhətçi şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində Azərbaycan müəssisələrinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün iş yerlərində 200 peşə,100 təlim və 200 qiymətləndirmə standartının hazırlanması nəzərdə tutulur.