...

Bu ilin ötən dövründə 1420-dən çox sahibkara 145,6 milyon manat güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2013 16:42 (UTC +04:00)
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Qəbələ rayonunun Hacallı kəndində keçirib. Tədbirdə Qəbələ və ətraf rayonlarda fəaliyyət göstərən 80-dək sahibkar iştirak edib.
Bu ilin ötən dövründə 1420-dən çox sahibkara 145,6 milyon manat güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 23 may /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qəbələ rayonunun Hacallı kəndində keçirib. Tədbirdə Qəbələ və ətraf rayonlarda fəaliyyət göstərən 80-dək sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Qəbələ rayonunun Böyük Əmili kəndində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit ayrılmış illik 6,7 min ton süd istehsal gücü olan 1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qəbələ rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan bağçılıq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1421 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,6 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

İndiyədək (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1350 investisiya layihəsinin maliyyələşdirilməsinə 81,2 milyon manat güzəştli kredit verilib.

Tədbirin sonunda Qəbələ rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkar 767,5 min manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər, əsasən, taxılçılıq, heyvandarlıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti