Azərbaycan, Bakı, 29 iyul /Trend/
"Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 22.07.2013-cü il tarixli 03/13 saylı protokoluna əsasən, nizamnamə kapitalının artırılması məqsədi ilə bank 27 milyon manat ümumi məbləğdə, bir səhmin nominal dəyəri 0,2 manat olmaqla 135 milyon adlı, sənədsiz, adi səhmlərin əlavə emissiyasını elan edir.
Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, 25.07.2013-cü il tarixdə səhmlər buraxılışı dövlət qeydiyyatına alınıb və dövlət qeydiyyatına alındığı andan 15 gün sonra səhmlərin kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdirilməsinə başlanacaq.
Səhmlərin yerləşdirilməsi səhmlərin yerləşdirilməsindən sonra 130 təqvim günü ərzində 2 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə səhmlərin yerləşdirilməsinin başlanma tarixindən ilk 120 təqvim günü ərzində səhmlərin əldə edilməsində üstünlük hüququ bankın səhmdarlarına onlarda olan səhmlər miqdarına mütənasib qaydada veriləcək. Ikinci mərhələdə isə, sonrakı 10 təqvim günü ərzində səhmlərin əldə edilməsi hüququ istənilən digər şəxslərə veriləcək.
İnvestorlar bankın Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38, AZ1008 unvanında yerləşən baş ofisində və Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 19 ünvanında yerləşən, az 1000 "Bakı Fond Birjası" QSC-də emissiya prospekti ilə tanış ola bilərlər.